Mövsümdə 2-ci, “Sumqayıt”dan 7-ci
Topaz Premyer Liqasında 2-ci avtoqol qeydə alınıb. 12-ci turun “Zirə” – “Sumqayıt” qarşılaşmasında hesab qonaqların futbolçusu Cəmil Hacıyevin topu öz qapısına vurması ilə açılıb. Bu, mövsümün 2-ci avtoqoludur. Bunadək yalnız “Rəvan”ın oyunçusu Yamin Ağakərimzadə eyni uğursuzluğu yaşamışdı. O, 2-ci turun “Qarabağ”la görüşündə avtoqol müəllifi olmuşdu.

Cəmil “Sumqayıt”ın Premyer Liqada öz qapısına qol vuran 7-ci futbolçusudur. Ona qədər Bədavi Hüseynov (2011/12), Xəyal Mustafayev (2012/13), Adil İbrahimov, Anar Nəzirov (hər ikisi 2013/14), Ruslan Poladov, Vurğun Hüseynov (hər ikisi 2014/15) eyni halla üzləşmişdi. “Sumqayıt” oyunçuları avtoqol sayında “Turan” və “İnter”ə çatıb. Hərəyə 7 belə uğursuzluğu olan bu klublar ölkə çempionatları tarixində yalnız 4 komandadan geri qalır. AZAL (17), “Qarabağ” (14), “Neftçi” və “Bakı” (hər ikisi 11) daha çox avtoqol müəllifi olub. “Zirə” isə Premyer Liqada ilk dəfə rəqib qoluna şahid olub. Debütant buna nail olan 36-cı komandadır. “Neftçi” və “Qarabağ” hamıdan çox – hərəyə 16, “Bakı” 15 dəfə rəqiblərinin avtoqolunu izləyib.

Xəbər 634 dəfə oxundu.