Azərbaycan karateçiləri Dünya çempionatında iştirak edəcəklər
Azərbaycan karateçiləri Indoneziyanın paytaxtı Cakartada gənclər və yeniyetmələr arasında 9-cu Dünya çempionatında iştirak edəcəklər.

Bu mötəbər yarışa son hazırlıqlarını keçən idmançılarımız müxtəlif yaş dərəcələrində 18 nəfərlik heyətlə İndoneziyaya yollanacaq.

Məlumatda bildirilir ki, 14-15 yaşlı yeniyetmələrin böyük məşqçisi Anar Allahverdiyevin seçdiyi 3 nəfərlik heyətə Nuri Əliyev (50 kq), Hümmət Baxşəliyev (57 kq) və Fidan Teymurova (47 kq) daxildir. 16-17 və 18-20 yaşlı gəncləri çalışdıran böyük məşqçi Şahin Xudaverdiyev isə bu yaş qruplarında yarışlara 12 idmançının qatılmasına üstünlük verib. Elcan Məmmədrzayev (61 kq), İsa Məmmədov (68 kq), Elman Babayev (76 kq), Murad Hacızadə (76 kq-dan yuxarı) və Fəridə Əliyeva (59 kq-dan) 16-17 yaşlı gənclərdə, Ülvi Qurbanov (60 kq), Şahin Quluzadə (67 kq), Vüsal Kamallı (75 kq), Nəcmədin Bünyadov (84 kq), Sərxan Quluzadə (84 kq-dan yuxarı), Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) isə 18-20 yaşlı gənclər arasında mübarizə aparacaqlar.

Kata üzrə seçmə komandaların böyük məşqçisi Vahid Ayvazov 14-15 yaşlı yeniyetmələrdən Ceyhun İsmayılova, 16-17 yaşlı gənclərdən Roman Heydərova, 18-20 yaşlı gənclərdən isə Rafiq Əmirova güvənib.

Beynəlxalq dərəcəli hakimlər Yusif Məmmədov, Cahangir Babayev, Vüqar Kərimov, Rənad Əliyev və Nərgiz Mehdiyeva Cakartada yarışdan əvvəl dərəcələrini yüksəltmək üçün Dünya Karate Federasiyası hakimlər Komitəsinə (WKF) imtahan verəcəklər. Yarışı 211 beynəlxalq hakim idarə edəcək.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və WKF Texniki komitəsinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə səfər heyətinə baş katib Mir-Cabbar Seyidov, federasiyanın həkimi Pərvin Əkbərov və dünya çempionatından operativ məlumatlar çatdırmaq üçün media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov da daxildir.

Noyabrın 12-dən 15-dək keşiriləcək 9-cu Dünya çempionatında 94 ölkədən 1425 karateçi iştirak edəcək.

Ayın 9-da səfərə çıxan idmançılarımız noyabrın 17-də Bakıya dönəcəklər.

Xəbər 821 dəfə oxundu.