Püşk atıldı: cüdoçularımız növbəti lisenziya xallarına doğru
Sabar Parisdə cüdoçular arasında “Böyük dəbilqə” turniri start götürəcək. İdman.com.az saytının məlumatına görə, bu gün yarışın püşkü atılıb. Milli komandamızın ən yüngül çəkili idmançısı İlqar Müşkiyev (60 kq) ilk mərhələdən azaddır. O, 2-ci mərhələdə Tomas Cado-Dyuk (Fransa) – Qonsalo Mansinyo (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq.

66 kq çəkidə tatamiyə çıxacaq Tərlan Kərimov da mübarizəyə 2-ci mərhələdən qoşulacaq. Həmyerlimiz Pyerre Duprat (Fransa) – Yasper De Yonq (Niderland) duelinin güclüsü ilə üz-üzə gələcək.
Rüstəm Orucov (73 kq) ilk görüşündə koreyalı Yunq Von Kimlə qarşılaşacaq. O da Müşkiyev və Kərimov kimi ilk mərhələni tamaşaçı kimi izləyəcək.

Təmsilçimiz Elxan Rəcəbli (81 kq) və Elxan Məmmədov (90 kq) isə birbaşa üçüncü mərhələdən yarışa qoşulacaqlar. Onlardan birincisinin rəqibi olmaq üçün Samvel Ayrapetyan (Türkmənistan), Miçel Mbassa (Kamerun) və Yahyo İmamov (Özbəkistan), ikincisi ilə yarışmaq üçün Miroslav Dzurla (Slovakiya) Layes Buyakub (Əlcəzair) ən güclünü müəyyənləşdirəcəklər. Ağır dərəcəli cüdoçumuz Elmar Qasımov (100 kq) koreyalı Hi-Tae Hvanqla qüvvəsini sınayacaq.

Xanım cüdoçularımızdan Kifayət Qasımova (57 kq) ilk görüşündə sinqapurlu Hortans Didyu ilə münasibətlərinə aydınlıq gətirəcək. Ramilə Yusubovanın (63 kq) rəqibi isə Kot d İvuar təmsilçisi Rokiatou Koulibali olacaq.

Xəbər 1131 dəfə oxundu.