“Xəzər Lənkəran” məğlub dönür
“Xəzər Lənkəran”, bu gün Antalya toplanışı çərçivəsində “Gloria” mehmanxanasının futbol meydançasında Rusiyanın birinci divizion təmsilçisi “Şinnik” (Yaroslavl) klubu ilə qarşılaşıb. İdman.com.az xəbər verir ki, türkiyəli hakimlər briqadasının idarə etdiyi matçın 2-ci dəqiqəsində rəqib penalti zərbəsi ilə hesabı açıb.

Oyunun gedişatında topa daha yaxşı nəzarət edən komandamız rəqib qapısına doğru çoxlu sayda həmlələr etsə də, hesabı bərabərləşdirməyə nail ola bilməyib. 45-ci dəqiqədə isə matçın baş hakimi növbəti dəfə cənubluların qapısına 11-metrlik cərimə zərbəsi təyin edib. Rəqib futbolçu bu imkandan da yararlanıb.

Fasiləyə iki top fərqi ilə məğlub durumda gedən “Xəzər Lənkəran”ın qapısına təyin olunan üçüncü penalti qərarından bu dəfə rəqib futbolçu Yaçenko matçın 75-ci dəqiqəsində yararlana bilməsə də, bundan altı dəqiqə öncə hesab artıq 0:3 olmuşdu. Son dəqiqələrdə Subaşiçə qarşı edilən kobudluqdan sonra təyin olunan penalti zərbəsini hücumçu özü dəqiq yerinə yetirərək yekun nəticəni müəyyənləşdirib - 1:3.

Xəbər 981 dəfə oxundu.