Metropolitençilərin ənənəvi spartakiadası başa çatıb
Metropolitençilərin peşə bayramı münasibətilə təşkil edilmiş ənənəvi spartakiadaya yekun vurulub. Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən builki idman yarışları da kəskin rəqabət şəraitində keçdi.

Voleybol turnirinin finalında depolar üzrə iş departamentinin komandası tunel qurğularına 2:1 hesabı ilə qalib gəlib. 3-cü yer uğrunda qarşılaşmada isə həmin hesabla işarəvermə və rabitə xidməti hərəkətçilərdən üstün olub.

Kəndirdartmanın «üçlər finalı»nda deponun kollektivi həm hərəkətçilərə, həm də tunelçilərə qalib gəlib. Digər görüşdə hərəkətçilər 4 saylı tunel tikinti dəstəsinin komandasına qalib gəliblər.

Stolüstü tennisin finalı elektromexaniklərin rəqabətinə çevrilib. Fərhad Məmmədov Emin Əliyevə qalib gələrək, 1-ci yerə çıxıb. 3-cü yer görüşündə lokomotivçilərdən Ağa Səttarov avtomotonəqliyyatçı Tahir Rzayevdən üstün olub.

Daşqaldırma yarışlarında qələbə qatar maşinisti Ramil Sadıqova nəsib olub. Sonrakı iki mükafatalayiq yerləri, ardıcıl olaraq, 4 saylı tunel tikinti dəstəsindən Samir Həsənovla qatar maşinistinin köməkçisi Səid Tağıyev tutublar.

Səid Tağıyev qol güləşinin qəhrəmanları sırasında da yer alaraq, bu yarışı da 3-cü yerdə başa vurub. Bu mübarizədə tunel qurğularının fəhləsi Vüsal Zeynalov hamıdan güclü olub. İşarəvermə və rabitə xidmətindən Ceyhun Süleymanov 2-ci nəticə göstərib.

Nərddə eskalator maşinisti Qədir Qasımov, mühafizə şöbəsindən Kamil Qardaşov və avtomotonəqliyyat xidmətindən Anar Ağayev, ardıcıl qaydada, fəxri kürsüdə yer alıblar.
Şahmatçıların rəqabətində deponun çilingəri Cəlil Cəlilovdan yaxşısı olmayıb. Avtomotnəqliyyat xidmətinin tornaçısı Mehman Qurbanov 2-ci, işarəvermə və rabitə xidmətinin elektrik mexaniki Elşən Həsənov 3-cü yeri tutublar.

Avtomotnəqliyyatçı Mehman Qurbanov damada da fərqlənərək, 3-cü yerə çıxıb. Bu yarışda xüsusi tamamlama işləri dəstəsinin fəhləsi Ramin Salahov rəqiblərinə aman verməyib. Deponun elektrik mexaniki Həsən Qasımov isə 2-ci yerə çıxıb.

Spartakiadaya futbol turnirinin final görüşü ilə yekun vurulub. Yol təsərrüfatının komandası depolar üzrə iş departamentinin kollektivinə 4:2 hesabı ilə qalib gəlib. 3-cü yeri diaqnostika və metroloji təminat mərkəzinin futbolçularına qalib gəlmiş elektromexanika xidmətinin komandası tutub.

Final qarşılaşması başa çatandan sonra Metropoliten İşçiləri Həmkarlar İttifaqının və xidmətlərin rəhbərlərinin iştirakı ilə mükafatlandırma mərasimi keçirilib. MİHİ sədri Arif Mərdanov kollektivçiliyin formalaşmasında belə kütləvi tədbirlərin rolunu qeyd edərək, yarışlarda yaxından iştirak edənlərə təşəkkürünü dilə gətirdi. O, qalibləri təbrik edərək, qələbə əzminə, ədalətli oyun prinsipləri çərçivəsində davranışa görə hər bir iştirakçıya minnətdarlığını bildirdi.

Qeyd edək ki, ümumi komanda hesabında depolar üzrə iş departamenti 1-ci, elektromexanika xidməti 2-ci, tunel qurğuları xidməti isə 3-cü yeri tutublar.

Xəbər 418 dəfə oxundu.