“Qəbələ” növbəti mərhələyə çıxmaq şansını heçə endirib
Noyabrın 5-də UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda Dortmundun “Siqnal İduna Park” stadionunda “Borussiya” komandası “Qəbələ” klubunu qarşılayıb.

Oyunda “Qəbələ”nin heyətində David Pietrzkeviç, Voyislav Stankoviç, Vitali Vernidub, Rikardinyo, Arif Daşdəmirov, Rafael Santos, Dodo, Aleksey Qay, David Meza Kolli, Sergey Zenyov və Aleksey Antonov meydana çıxıblar.

“Borussiya”nın ilk on birliyində isə Roman Vaydenfeller, Mats Hummels, Lukas Pisçek, Matias Ginter, Marsel Şmeltser, Julian Veyql, Sven Bender, Henrix Mxitaryan, Marko Roys, Qonazalo Kastro və Pyer Emerik Obameyanq yer alıblar.

Belçikalı baş hakim Sebastian Delferyerenin idarə etdiyi qarşılaşma maraqlı idman mübarizəsi şəraitində keçib. Oyunun ilk yarısı meydan sahiblərinin üstünlüyü ilə davam edib. “Borussiya” ilk hissənin 29-cu dəqiqəsində Marko Roysun zərbəsi ilə “Qəbələ” qarşısında hesabda irəli çıxıb - 1:0. Qarşılaşmanın 45-ci dəqiqəsində isə Dortmund təmsilçisinin hücumcusu Pyer Emerik Obameyanq yenə də “Qəbələ”nin qapısına yol tapıb. Beləliklə, oyunun birinci hissəsi alman klubunun 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

İkinci hissəyə də sürətli başlayan səkkizqat Almaniya çempionu “Qəbələ”nin qapısında bir neçə təhlükəli vəziyyət yaradıb. 67-ci dəqiqədə təmsilçimizin qapısında avtoqol qeydə alınıb. Zenyovun başına toxunan top ev sahibinə 3-cü qolu qazandırıb. Rəqib komanda 3 dəqiqə sonra “Qəbələ”nin qapısından daha bir top keçirərək hesab fərqini dördə çatdırıb. Oyun elə bu hesabla da yekunlaşıb.

“C” qrupunda keçirdiyi dörd oyundan bir xal toplayan “Qəbələ” qrupda sonuncu sırada qərarlaşıb. “Borussiya” isə xallarının sayını 10-a çatdıraraq liderliyini möhkəmləndirib. Qrupun digər oyununda isə Rusiyanın “Krasnodar” komandası doğma meydanda Yunanıstanın “PAOK” klubunu 2:1 məğlub edib və qrupdakı xalını 7-ə yüksəldib. “Paok” isə 3 xalla üçüncü sirada qərarlaşıb.

Xəbər 646 dəfə oxundu.