İlahə Qasımova: “Uşaqlıqda paqonlu qız olmaq istəmişəm” - MÜSAHİBƏ
Karateyə gəlişiniz. Necə oldu ki, məhz bu idman növünü seçdiniz?

Bu, təsadüfən oldu. İdmana hələ uşaq ikən başlamışam. 9 yaşım olardı, evimizin yanında idman klubu var idi. Həvəskar kimi məşqlərə qatıldım. Artıq bir müddətdən sonra karatenin sirlərini öyrənmişdim. Bu məndə idmana olan marağı daha da artırdı və mütəmadi olaraq karate ilə məşğul oldum.

Karate qızlar üçün nə dərəcədə təhlükəlidir?

Düzdür, zədələrim çox olur . Ümumiyyətlə, bu idman növündə istər oğlan, istərsə də qız olsun zədədən qaçmaq qeyri-mümkündür. Mən deməzdim ki, qızlar üçün bu idman növü təhlükəlidir, əksinə özünü müdafiə üçün daha yaxşıdır.

- Necə düşünürsünüz, uğur üçün vacib olan əsas amil nədir?

Karatedə əsas amil sürətdir. İlk öncə taktika və ağıl işlətmək lazımdır. İdmançıda birinci ağıl, ikinci ürək olmalıdır ki, istədiyi kimi fəndlər işlədib rəqibini məğlubiyyətə uğratsın və yüksək nəticəyə sahib olsun.

- Avropa Oyunlarında ilk medalçımız kimi tarixə düşdünüz. İnsanlar sizi tanımağa başladı. Bu nailiyyəti gözləyirdinizmi?

Biz bu yarışa 2 ilə yaxın idi ki, hazırlaşırdıq. Məşqlərimi mütəmadi davam etdirirdim. Bilirdim ki, yarışa gələn qızların heç biri məndən artıq deyil. Özüm - özümə daim bu cür təsəlli verirdim. Doğma meydanımızda medalsız qalmaq istəmirdim. Bunu heç vaxt özümə bağışlamazdım. İlk rəqibim luksemburqlu idmançı idi. Onu 4:0 hesabı ilə məğlub etdim. Avropa çempionu olduğu üçün heç kim onu udacağımı gözləmirdi. 2-ci rəqibim türk idmançısı idi. Bu idmançı da çempion idi. Bəlkə də rəqiblərimin meydana rahat çıxmaları və özündən əminlikləri mənim qalibiyyətimə kömək etdi.

- Bəzən idmançılar bir az uğur qazanan kimi “Ulduz xəstəliyi”nə tutulurlar.

Yarışdan sonra bir ara dedilər ki, məndə lovğalıq, özündən razılıq yaranıb. Bilmirəm nə dərəcədə düzdü. Məqsədim bu deyildi ki, tanınım. Kənardan bəlkə də lovğa kimi görünə bilərəm. Amma əsla elə deyil. Bəziləri deyirdi ki, “ulduz xəstəliyi”nə düçar olmuşam. Amma indi deyirlər ki, şükür düzəlmişəm (gülür).

- Qarşıda Sizi hansı yarışlar gözləyir?

- Gələn il Parisdə keçiriləcək Avropa çempionatına, 2017-ci ildə isə Bakıda keçiriləcək IV İslam Həmrəylik oyunlarında iştirak edəcəyəm. Avropa Oyunlarındakı uğurumu ən azından bu yarışlarda da təkrarlamaq niyyətindəyəm.

- Yarışlara hazırlıqlarınız necə gedir?

Məşqlərim mütəmadi olaraq davam edir, ayağımda zədəm olduğu üçün hələ ki, hazırlıqlara bir həftə ara vermişəm. Hazırlıqlarımıza görə öz növbəmdə yığma komandanın baş məşqçisi Rəhman Hətəmova təşəkkürümü bildirirəm.

- Ən böyük azarkeşin kimdir?

- Düzdür, hər kəs daim dəstək olur. Əsas iki insanı deyərəm. Biri anam, digəri isə Cahangir müəllimimdir. Yarışlarda isə həmişə uduzanda Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov təsəlli olub. Yaşar müəllim heç vaxt kədərlənməyimə imkan verməyib. “Məşqlərinə davam et, hər şey yaxşı olacaq” - deyib.

- Meydanda hansı rəqiblə qarşılaşmağı daha çox istərdin?

Gələn il Parisdə keçiriləcək Avropa Çempionatında məğlub olduğum fransız döyüşçüsü ilə yenidən meydanda qarşılaşmaq arzusundayam. Etiraf edim ki, çox güclü idmançı idi. Amma bir dəfə də onunla qarşılaşsam mütləq məğlub edəcəyimə söz vermişəm.

- Qalib olanda hansı hisləri keçirdiniz?

- Udanda heç bilmədim hansı reaksiyanı verim. Ağlayım yoxsa sevinim?! Çox qəribə hislər idi. Qələbə qazananda ilk öncə müəllimə işarə elədim ki, qələbə sizin üçündür. Cahangir müəllim çox həyəcanlı idi. Bu qələbəni çoxdan gözləyirdik. Zədələrimə görə nailiyyətlərim olmurdu.

Bir idmançı kimi ölkəmizdə idmana dövlət qayğısı barədə nə deyə bilərsiniz?

Karate qeyri-olimpiya idman növü olduğu üçün Avropa Oyunlarına salınanda çox sevindik. Elə bil bütün arzularımız reallaşdı. Biz tanınacağıq, karatedə artıq öz sözümüzü deyə biləcəyik. Dövlətimizin idmana və idmançılara qayğısı digər idmançılarımız kimi məni də qane edir.

- İdmandan heç küsmüsən?

O qədər olub ki. Yarışlarda nəticəm olmayıb. Hətta çox vaxt mənəvi sındırıblar məni, amma sınmamışam, həvəsdən düşməmişəm. Öz-özümə demişəm ki, əgər həyatda nəyəsə nail olmaq istəyirəmsə, hər bir vəziyyətə dözməliyəm. Bəzi vaxtlar məşq yoldaşlarım təriflənib yanımda, mən isə qalmışam qıraqda. Onda gedib özümü öldürmək belə istəyirdim. Ancaq həmişə müəllimlərim, baş məşqçimiz məni həvəsləndirir. İstəmişəm ki, həmişə onların adını uca tutum. Şükür Allaha hər şey yaxşı oldu.

- Ənənəvi sual: kumiriniz kimdir?

Xarici idmançılardan heç biri. Azərbaycanlı karateçilərdən isə ancaq Rafael Ağayev. İndinin özündə də ancaq ona həsəd aparıram. Mən rəqiblərimdən çox, onun döyüşlərinə baxıb həvəslənirəm. Onun nəticələrinə hələ heç kim çatmayıb. Şansım onda gətirib ki, o bizimlə bir zalda, məşq yoldaşımızdır.

- İdmandan başqa həyatda reallaşdırmaq istədiyiniz arzularınız?

- Hələ ki, idmandan başqa heç nə düşünmürəm. Gələcəkdə daha çox yarışlarda iştirak etmək istəyirəm. Ancaq uşaqlıq vaxtı paqonlu qız olmaq istəmişəm. Qismət olsa, inşallah reallaşdırmaq istəyirəm.


Söhbətləşdi: Aynurə Pənahqızı

Xəbər 5524 dəfə oxundu.