Qar “Rabitə” və “Azərreyl”in yolunu kəsdi
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının IV turundan təxirə salınan “Rabitə” – “Lokomotiv” və “Azərreyl” – “İqtisadçı” matçları yenə də baş tutmayacaq. İdman.com.az saytının məlumatına görə, buna səbəb “Rabitə” və “Azərreyl” klublarının əlverişsiz hava şəraiti ilə bağlı İstanbuldan Bakıya gələ bilməmələridir.

Avropa Çempionlar Liqasının səfər matçından sonra Türkiyəyə, oradan isə Azərbaycana qayıtmalı olan paytaxt təmsilçiləri aviareyslər təxirə salındığı üçün artıq ikinci gündür ki, qonşu ölkədə qalmalı olurlar. Onların Bakıya bu gün axşam saatlarında və ya sabah gəlmələri gözlənilir.

Qeyd edək ki, IV turdan təxirə salınan “Rabitə” – “Lokomotiv” və “Azərreyl” – “İqtisadçı” görüşləri fevralın 4-də keçirilməli idi. Artıq bu matçlar üçüncü dəfədir təxirə salınır və nə vaxt baş tutacağı hələ bilinmir.

Xəbər 993 dəfə oxundu.