“Qəbələ” futbol klubu “Borussiya” komandası ilə oyununun hazırlıqlarına başlayıb
“Qəbələ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda “Borussiya” (Dortmund) komandası ilə oyununun hazırlıqlarına başlayıb.

Topaz Premyer Liqasının XI turu çərçivəsində noyabrın 1-də “Kəpəz” ilə ev oyunundan sonra hazırlığa fasilə verməyən “qırmızı-qaralar” bu gün də növbəti məşqə çıxıblar.

“Qəbələ” futbolçuları noyabrın 3-də Dortmunda yola düşəcəklər. Dortmunddakı otellərdə yer olmadığından futbolçularımız bu şəhərdən 15 kilometr məsafədə yerləşən Bohumda məskunlaşacaqlar. Komanda oyundan əvvəl sonuncu məşqini noyabrın 4-də Dortmundda keçirəcək.

“Borussiya”-“Qəbələ” matçı noyabrın 5-də Bakı vaxtı ilə saat 22:00-da “Siqnal İduna Park” stadionunda start götürəcək.

Xəbər 637 dəfə oxundu.