Stolüstü tennis üzrə Azərbaycan kuboku yarışlarına start verilib
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə noyabrın 2-də “Şüa” İdman–Sağlamlıq Kompleksində 1998-ci, 2000-2001-ci il təvəllüdlü və daha aşağı yaşlı gənclər və yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan kuboku yarışlarına start verilib.

Yarışda Bakının Tennis İdman Məktəbi, “Lokomotiv” İdman Sağlamlıq Mərkəzi, “Neftçi” İdman Klubu, “Təhsil” Respublika İdman Mərkəzi, “Qarabağ-NN” stolüstü tennis idman klubu, Qaradağ rayonu uşaq-gənclər idman məktəbinin, eləcə də Sumqayıt, Balakən, Salyan, Şəki, Şirvan, Şabran, Gədəbəy və Gəncə şəhərlərinin komandaları iştirak edir.

Turnir həm şəxsi, həm də komanda yarışları formatında, beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilir.

Məqsəd ən güclü tennisçiləri müəyyən etmək və 2016-cı ilin iyulunda Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək gənclər arasında Avropa birinciliyində mübarizə aparacaq yığma komanda üzvlərini formalaşdırmaqdır.

Yarış noyabrın 6–da başa çatacaq, qaliblərə kubok, diplom və hədiyyələr təqdim ediləcək.

AZƏRTAC

Xəbər 719 dəfə oxundu.