Topaz Premyer Liqasının 11-ci turuna “İnter”-“Zirə” oyunu ilə start verilib
Oktyabrın 31-də futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna start verilib.

Turun birinci günündə üç qarşılaşma keçiriləcək.

“İnter” komandası doğma meydanda “Zirə”ni sınağa çəkir. Ev sahibləri hazırda 18 xalla turnir cədvəlində üçüncü, “Zirə” isə 17 xalla dördüncü pillədə qərarlaşıb. Hər iki komanda ötən turu heç-heçə ilə başa vurub.

Digər matçda “Qəbələ” evdə “Kəpəz” ilə münasibətlərinə aydınlıq gətirəcək. Son iki turda qələbəyə həsrət qalan “qırmızı-qaralar” əvvəlki dörd turda məğlubiyyət üzü görməyən “Kəpəz”i qəbul edəcək. Yeri gəlmişkən qeyd edək ki, bu qarşılaşma Gəncədə keçirilməli idi. Amma Gəncədə aramsız yağışlarla əlaqədar ot örtüyünün sıradan çıxma təhlükəsi yarandığından bu iki komanda arasında qarşılaşmalarda yerdəyişmə baş verib. Bu komandalar arasında keçirilən 9 oyundan dördü heç-heçə ilə yekunlaşıb. İki matçda “Qəbələ”, üç görüşdə isə “Kəpəz” qalib gəlib.

Premyer Liqanın lideri “Qarabağ” isə uğursuzluq zolağından çıxmağı bacaran AZAL-ı qəbul edəcək. Bu görüşdə “təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov vaxtilə futbolçu kimi şərəfini qoruduğu hazırkı çempion və lider “Qarabağ”a rəqib olacaq. Tərəflər 28-ci dəfə üz-üzə gələcəklər. Əvvəlki 27 oyunun 16-da ağdamlılar qalib gəlib. Altı görüşdə heç-heçə qeydə alınıb, beş oyunda isə AZAL sevinən tərəf olub.

Xəbər 743 dəfə oxundu.