Məşəl qızılı təyyarədə Londona gətiriləcək
Olimpiya Oyunları-2012-nin təşkilat komitəsi olimpiya məşəlinin Britaniyaya mayın 18-də gətiriləcəyini elan edib. İdman.com.az saytının məlumatına görə, mayın 10-da Yunanıstanda əbədi vətəni Olimpdə alovlandırılacaq olimpiya məşəli 1896-cı ildə ilk olimpiadanın keçirildiyi «Panatinaikos» arenasında təşkilatçı şəhər Londonun nümayəndə heyətinə təhvil veriləcək. Mayın 18-də axşam saatlarında Oyunların rəsmi tərəfdaşı olan Britaniya Hava Yollarına («British Airways») məxsus və qızılı rəngə boyanmış BA2012 hava gəmisində onu Britaniyanın Kral Hərbi dəniz hava donanmasının bazası «Kuldrouz»a gətiriləcək və onu minə yaxın rəsmi şəxs qarşılaycaq.

Məşəl Britaniya yolçuluğuna mayın 19-da İngiltərənin cənub-qərbindəki Kornuoll yarımadasındakı Ləndz End (“Dünyanın qurtaracağı”) burnundan çıxacaq və 1018 yaşayış məntəqəsindən keçərək, iyulun 27-də Oyunların təntənəli açılış mərasimi keçirilən arenaya gətiriləcək. Britaniyanın 4 hissəsinin hamısını – İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyanı, habelə Birləşmiş Krallığa daxil olan Men, həmçinin Normand adalar qrupunun Gernsi və Cersi adalarını gəzəcək məşəl, müstəqil ölkə olan İrlandiyanın paytaxtı Dublinə də gətiriləcək. Onu bu müddət ərzində 8 min insan daşıyacaq. Lakin məşəli Olimpiya stadionunda alovlandıracaq şəxsin adı, təbii ki, son məqama qədər sirr olaraq qorunacaq.
Qeyd edək ki, 2012-ci ilin Olimpiya Oyunları iyulun 27-dən avqustüun 12-dək keçiriləcək.

Xəbər 1154 dəfə oxundu.