Qanqas Dionisios: Azərbaycan Milli Olimpiya Komitəsi öz fəaliyyəti ilə nümunəvi qurumlar sırasındadır
Bakıda olmaqdan çox məmnunam. Avropa Olimpiya akademiyalarının konfransı çox vacib tədbirdir. Bu, bir daha onu göstərir ki, Milli Olimpiya komitələri Olimpiya hərəkatının inkişafında necə mühüm rol oynayır.

Bu sözləri Beynəlxalq Olimpiya Akademiyasının direktoru Qanqas Dionisios deyib.

Qonaq bildirib ki, Avropanın Milli Olimpiya komitələri uğurla fəaliyyət göstərərək gözəl nəticələr əldə edirlər. Azərbaycan Milli Olimpiya Komitəsi də öz fəaliyyəti ilə nümunəvi qurumlar sırasındadır. Bakıda keçirilən Avropa Olimpiya akademiyalarının ikinci beynəlxalq konfransında müxtəlif ölkələrin Olimpiya komitələrinin nümayəndələri birlikdə çalışır, müəyyən mövzularda müzakirələr aparır və yekun qərara gəlirlər. Bakıda keçirilən bu tədbir dünya idmanının inkişafına böyük töhfədir.

“Beynəlxalq Olimpiya Akademiyası Azərbaycandakı müvafiq qurum, həmçinin, Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq edir. Azərbaycandan çoxlu sayda tələbə və idmançı Yunanıstanda yerləşən Beynəlxalq Olimpiya Akademiyasının idman fakültəsində təhsil alıb. Onlar bu müddətdə çoxlu seminar və konfranslarda iştirak edib, təcrübə keçiblər. İnanıram ki, həmin tələbələr və idmançılar Azərbaycan idmanının uğuruna layiqli töhfələrini verəcəklər”, - deyə Qanqas Dionisios vurğulayıb.

AZƏRTAC

Xəbər 568 dəfə oxundu.