Azərbaycan Premyer Liqasında vurulan qolların sayı 100-ü keçib
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümünün 100-cü qolu vurulub. Yubiley qolu X turun “Qarabağ” – “Rəvan” matçına təsadüf edib.

Bakıdakı Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən qarşılaşmada meydan sahiblərinə 1:0 hesablı qələbə qazandıran qolun müəllifi meydan sahiblərinin gənc yarımmüdafiəçisi Vüqar Mustafayev olub. 21 yaşlı futbolçu Premyer Liqada ilk qolunu uzaqdan gözəl zərbə ilə vurub. Mustafayev buna ümumilikdə 34-cü, “Qarabağ”da 6-cı çempionat matçında nail olub.

Qeyd edək ki, Premyer Liqanın ilk 9 turunda 91 qol qeydə alınmışdı. Turun eyni vaxtda başlayan ilk 3 matçında 7 dəfə top qapıdan keçdiyindən paralel oynanılan “Neftçi” – “İnter” və “Qarabağ” – “Rəvan” matçlarındakı 2-ci top mövsümdə 100-cü olmalı idi. Əvvəl “Neftçi”, 1 dəqiqə sonra “Qarabağ” hesabı açdığından yubiley qolu ağdamlıların hesabına yazılıb. Ümumilikdə isə 10 turun 50 oyununda 101 qol vurulub.

Xəbər 645 dəfə oxundu.