Batut gimnastikası və tramblinq üzrə Azərbaycan Bakı birinciliyi, Bakı çempionatı
7 noyabr tarixində Milli Gimnastika Arenasının köməkçi zalında batut gimnastikası və tamblinq üzrə Azərbaycan və Bakı Birinciliyi, Bakı Çempionatı keçiriləcək. 2013-cü ilin sonundan ölkəmizdə inkişaf etməyə başlayan batut gimnastikası üzrə çempionat və birincilik ilk dəfə keçiriləcək. Tamblinq üzrə belə növ yarış isə sayca 10-dur.

Turnirdə ümumilikdə Bakı Gimnastika Məktəbi, “Neftçi” və “Ocaq” idman klubunu təmsil edən 46 idmançı iştirak edəcək.

Yarışlar tamblinq cığırı üzərində çıxışlarla başlanacaq. Kişilər öz güclərini “böyüklər” (1998-ci il təvəllüdlülər və daha böyüklər), “yeniyetmələr” (2002-2005) və “balacalar” (2006-2007) üzrə yaş kateqoriyalarında sınayacaqlar. Qadınlar arasında isə yarışlar “balacalar” yaş qrupunda keçiriləcək.

Fasilədən sonra yarışlar batut üzərində valehedici çıxışlarla davam edəcək. Tamaşaçılar “böyüklər” (1998-ci il təvəllüdlülər və daha böyüklər), “uşaqlar” (2005-2006) və “kiçiklər” (2007-2010) yaş qruplarına daxil olan kişi gimnastların çıxışlarını izləyəcəklər. Qadınlar arasındakı yarışlarda isə “böyüklər” (1998-ci il təvəllüdlülər və daha böyüklər), “balacalar” (2002-2004) və “kiçiklər” (2007-2010) yaş qruplarında yer almış idmançılar iştirak edəcək.

Bakı 2015 ilk Avropa oyunlarının bürünc medalçısı İlya Qrişunin, finalçısı Svetlana Makştarova və Oyunların iştirakçıları Oleq Piunov və Sabina Zaytseva da batut üzərində öz ustalıqlarını nümayiş etdirəcəklər.

Yarışların başlama vaxtı: 10:00-da

Keçirilmə yeri: Milli Gimnastika Arenasının köməkçi zalı

Ünvan: Bakı şəh., Heydər Əliyev prospekti, 108

Keçid: “Koroğlu” metro stansiyası

Xəbər 814 dəfə oxundu.