Şahmat üzrə Avropa Kubokunun gümüş medalı Azərbaycandadır
Xəbər verdiyimiz kimi, Makedoniya Respublikasının paytaxtı Skopyedə kişi və qadın klub komandaları arasında şahmat üzrə Avropa Kuboku yarışları keçirilib. Kişilər arasında birincilik uğrunda 50 komanda, qadınlar arasında isə medal uğrunda 12 klub mübarizə aparıb.

Azərbaycanı kişilərin yarışmasında “SOCAR” və “Odlar Yurdu” komandalarının idmançıları təmsil ediblər.

Keçənilki Avropa Kubokunun sahibi olan “SOCAR”ın əsas rəqibləri Rusiyanın “Sibir” klubu, “Alkaloid” komandasının “meydan sahibi” şahmatçıları, İtaliyanın Obiettivo Risarcimento Padova və Çexiyanın Ave Novy Bor komandaları olub.

Turnirdə inamlı qələbəni Rusiyanın “Sibir” komandası qazanıb. Avropa Kubokunda ikinci yeri “SOCAR” tutub. Onun heyətində Veselin Topalov, Aniş Qiri, Fabiano Karuana, Maykl Adams, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, kapitan Vladimir Tukmakov çıxış ediblər. Üçüncü yeri Peterburqun “Mednıy vsadnik” klubu tutub. Azərbaycanın “Odlar yurdu” komandası 13-cü yeri qazanıb. Bu komandada Emil Sutovski, Vasif Durarbəyli, Qədir Hüseynov, Nicat Məmmədov, Ülvi Bacarani, Nicat Abasov, Vüqar Rəsulov və Zaur Məmmədov iştirak ediblər.

Azərbaycan nümayəndələri arasında ən yaxşı nəticəni 6 xaldan 5-ni toplayan Maykl Adams göstərib. O, Veyjo Maki (Finlandiya), Çao Li (Çin), rusiyalı qrossmeyster Sergey Rublevski və Maksim Matlakova qalib gəlib, amerikalı Hikaru Nakamuro və çexiyalı Viktor Lazniçka ilə heç-heçə oynayaraq dördüncü lövhədə fərdi hesab üzrə gümüş medal qazanıb.

Xəbər 648 dəfə oxundu.