​Azərbaycanın voleybol klubları Avropa kuboklarında mübarizəyə başlayır
Azərbaycanın qadın voleybolçulardan ibarət 4 klubu Avropa kuboklarında mübarizəyə başlayır. "Lokomotiv", "Azərreyl", "Azəryol" və "Telekom" komandaları 28-29 oktyabrda ilk görüşlərini keçirəcəklər.

"Azəryol" klubu CEV kubokunun 1/16 finalında Rumıniyanın Tarqovitse şəhərinin eyniadlı komandası ilə qarşılaşacaq. Oktyabrın 28-də keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu bolqarıstanlı Borislav Yordanov və yunanıstanlı Teodora Kiriopoulou idarə edəcək.

Sabah həm də "Azərreyl" və "Lokomotiv" klubları Çempionlar Liqasında mübarizəyə qoşulacaq. Bu komandalar eyni qrupa düşüb. A qrupunda gedən mübarizədə "Azərreyl" Almaniyanın "Ştutqart", "Lokomotiv" isə Rusiyanın "Dinamo" (Kazan) klubu ilə qarşılaşacaq. Oyunlar müvafiq olaraq, saat 18:00-da Bakıdakı "Cristall Hall"da və Sankt-Peterburqda keçiriləcək. Bakıdakı görüş polşalı hakim Katarzina Sokolla estoniyalı Toomas Muruloya həvalə olunub. Sankt-Peterburqda isə finlandiyalı Kari Partiainen və kiprli Georgios Papageorgiou ədaləti qoruyacaq.

Çempionlar Liqasının E qrupunda mübarizəyə start verəcək "Telekom" isə ilk görüşünü oktyabrın 29-da Polşanın "İmpel Vrotslav" klubuna qarşı keçirəcək. Bakıdakı "Sərhədçi" İdman Olimpiya Kompleksində keçiriləcək oyun saat 17:00-da start götürəcək. Bu qarşılaşmada Ukraynadan Viktor Kozlovski və İsraildən Roy Qoren hakim qismində meydana çıxacaqlar.

Qeyd edək ki, "Azəryol" və "Lokomotiv" komandaları Çempionlar Liqasının A qrupunda "Dinamo" və "Ştutqart"la birgə yer alıblar. "Telekom"un mübarizə aparacağı E qrupunda isə "Fənərbağça", "İmpel Vrotslav" və "Drezdner" klubları yer alıb.

Xəbər 650 dəfə oxundu.