FİFA prezidentliyinə daha bir namizədin adı açıqlanıb
Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) İcraiyyə Komitəsi FİFA prezidentliyinə qarşıdan gələn seçkilər üçün daha bir namizədin adını açıqlayıb.

Hazırda funksiyaları dondurulan UEFA prezidenti Mişel Platini ilə yanaşı, UEFA-nın baş katibi Canni İnfantini də dünya futbol qurumunun prezidentliyi uğrunda mübarizəyə qoşulacaq. Namizədlərin qeydiyyatı üçün son gündə UEFA-nın „B“ planına əl atmasına səbəb çox güman ki, FİFA-nın etika komissiyası tərəfindən M. Platininin namizədliyinin ləğv oluna bilməsi ehtimalıdır.

İtalyan mənşəli İsveçrə vətəndaşı C. İnfantino 2000-ci ildən UEFA-da çalışır. 45 yaşlı İnfantino 2009-cu ildən bu qurumun baş katibidir.

FİFA prezidentliyinə seçkilər gələn il fevralın 26-da keçiriləcək. Qeydiyyata alınmış namizədlərin sayı səkkiz nəfərdir.

AZƏRTAC

Xəbər 635 dəfə oxundu.