Soçi və Bakı – sülh işinə töhfə
Xəbər verildiyi ki, Moskvada Olimpiyaçıların I Ümumdünya Forumu keçirilib.

Mərkəzin nümayəndələri forumun tədbirlərində fəal iştirak ediblər. Rusiyanın tanınmış idmançıları onlarla söhbətlərində qeyd ediblər ki, Soçi Olimpiadası və Bakıda keçirilən birinci Avropa Oyunları xalqlar arasında dostluğun möhkəmləndirilməsində böyük əhəmiyyət daşıyır.

Onların əksəriyyətinin fikrincə, bu günün çağırışları – dünyada xalqlar arasında pərakəndəliyin ən yüksək dərəcəsi, çoxlu sayda lokal və regional münaqişələr, ümumi inamsızlıq və gərginlikdir. Bu proseslərə qarşı durmaq isə son dərəcə çətin, lakin zəruridir. Sözsüz ki, xalqların biri–birinə doğru addım atması imkanlarından biri idmandır. Xüsusilə yüksək nailiyyətlər idmanının cövhəri olan olimpiya hərəkatıdır.

Rusiya Prezidenti Vladimir Putin Moskvada Dünya Olimpiya Forumunda çıxış edərək qeyd edib ki, olimpiya hərəkatının idealları – başqa xalqların mədəniyyətinə hörmət, həmrəyliyə kömək və planetdə sabitlikdir.

Bu mövqeni dünya səviyyəli yarışlarda, o cümlədən yekdilliklə bura aid etdikləri Soçi Olimpiadası və birinci Avropa Oyunlarında iştirakdan aldıqları təəssüratları bölüşən məşhur idmançılar dəstəkləyiblər. Söhbətlərdə yüksək səviyyədə keçirilmiş Avropa Oyunlarının əhəmiyyəti istər idmanın populyarlaşması baxımından, istərsə də idmanın milliyyətindən, dinindən və siyasi görüşlərindən asılı olmayaraq bütün insanları birləşdirən ənənəvi rolu baxımından yüksək qiymətləndirilib.

Bu ilin yayında Bakıda keçirilmiş birinci Avropa Oyunlarının iştirakçısı, tanınmış sovet yüngül atleti, Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti Sergey Bubka deyib: “Belə yarışlarda qitənin hər yerindən idmançılar görüşürlər, ünsiyyətdə olurlar, bir-biri haqqında, mədəniyyətləri haqqında, dinləri haqqında, sülh, anlaşma və birlik şəraitində bir yerdə yaşamaq imkanlarını barədə fikirlərini bölüşürlər. Bu, insanlara hələ uzun illər xidmət edəcək sağlam həyat tərzinin katalizatorudur”. İdmançı vurğulayıb ki, Azərbaycanın Oyunları keçirərək nail olduğu çox böyük uğur bütövlükdə olimpiya hərəkatının inkişafına xidmət edir.

Beynəlxalq Olimpiyaçılar Assosiasiyasının prezidenti, fransız beşnövçüsü, dünya çempionu və olimpiya oyunları mükafatçısı Joel Buzu Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Natalya Krasovskaya ilə fikirlərini bölüşərək bildirib ki, Avropa Oyunları Azərbaycanda böyük müvəffəqiyyətlə keçib və Avropa ölkələrinin qardaşlıq bayramı olub. O deyib: “Hesab edirəm ki, atletlər, olimpiyaçılar hər hansı bölgüyə daxil olmayan səfirlərdir”. Joel Buzu, həmçinin diqqətə çatdırıb ki, yüksək nailiyyətlər idmanının əsasında idman qardaşlığı durur, idmançılar özləri isə ölkələr arasında birləşdirici həlqələrdir, çünki onlar bir ailədir. Beynəlxalq Olimpiyaçılar Assosiasiyasının prezidenti əminliklə deyib: “Onlar 143 ölkədə 100000 insandan ibarət sülh ordusudur və həqiqətən də olimpizmi ictimaiyyətin qüvvəsinə çevirə bilərlər”.

Sinxron üzgüçülük üzrə üçqat olimpiya çempionu, çoxqat dünya və Avropa çempionu, RF Prezidenti yanında Bədən Tərbiyəsi və İdman Şurasının sədri Olqa Brusnikina Natalya Krasovskaya ilə söhbətində qeyd edib ki, Rusiya və Azərbaycan Olimpiada və Avropa Oyunlarının ev sahibləri kimi çıxış edərək, nəinki öz idmançılarının çox gözəl nəticələrini göstəriblər, həm də dünya səviyyəli infrastruktur formalaşdırıblar. Bu infrastruktur indi yeni çempionların yetişdirilməsində kömək edir. O deyib: “Müasir möhtəşəm obyektlər meydana gələndə orada peşəkarlar toplanır. Bizim idman növü üçün şərait ən əsasdır. Gölməçədə olimpiya çempionu hazırlamaq olmaz”. Onun sözlərinə görə, Azərbaycanda idmançıların məşq etmələri üçün lazım olan hər şey var. O deyib: “Orada idmana maraq bir neçə dəfə yüksəlib. Bunu Bakıda keçirilən Oyunların nəticələri də göstərir. Orada sıfırdan başlamaq lazım deyil, orada artıq hər şey var”.

Olimpiya hərəkatına bu gün tələbatın güclü olduğunu ötən həftə Moskvada keçirilmiş Dünya Olimpiya Forumu də təsdiqləyir. Forum ilk dəfədir keçirilib, lakin Dünya Olimpiyaçılar Assosiasiyası artıq 20 ildir mövcuddur. Avropa ölkələrinin adlı-sanlı idmançılarının məhz Moskvaya toplanması təsadüfi deyil. Ən güclü idman dövləti olan Rusiya olimpiya hərəkatında açıqlığını, yüksək yerini və beynəlxalq əlaqələri genişləndirmək və möhkəmləndirməyə hazırlığını bir daha nümayiş etdirir.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevin fikrincə, Soçidə Olimpiada keçirilməsi təcrübəsinə malik olan Rusiya ilk Avropa Oyunlarına hazırlıq dövründə Azərbaycanla fəal qarşılıqlı əlaqədə olub. O vurğulayıb: “Bizim ümumi idman tariximiz var. Sovet idmanına şöhrət gətirən insanlar xalqlarımız tərəfindən eyni dərəcədə sevilir. Olimpiya hərəkatının inkişafı müxtəlif səviyyələrdə idman tədbirlərinin təşkilinə təkan verəcək, onların ətrafında olan informasiya kampaniyaları bizə bir-birimizi daha çox tanımaqda, dostluğumuzu daha da möhkəmləndirməkdə kömək edəcək”.

AZƏRTAC

Xəbər 572 dəfə oxundu.