Yeniyetmələr arasında respublika seçim turnirinin final mərhələsinə start verilib
Oktyabrın 26-da Bakı İdman Sarayında yeniyetmələr arasında respublika seçim turnirinin final mərhələsinə start verilib.

Əfsanəvi güləşçi, Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunan yarışların ilk günündə yunan-Roma güləşi üzrə 42, 46, 50, 54, 58 və 63 kiloqram çəki dərəcələrində 120 yeniyetmə pəhləvan mübarizə aparır.

Yeniyetmələrin yarışında Azərbaycanın bütün bölgələrindən 1999-2000-ci il təvəllüdlü güləşçilər gücünü sınayır.

Bu yarışadək Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndəliklərində respublika turnirinin seçim yarışları keçirilib. Seçim yarışlarında sərbəst güləş üzrə 689, yunan-Roma güləşi üzrə 535 yeniyetmə güləşçi iştirak edib.

Həm yeniyetmələrin, həm də gənclərin yarışında ilk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatları ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.

Xəbər 622 dəfə oxundu.