İdman oyunlarını siyasi oyunlarla qarışdıranlar…
Yaranandan güc və birliyin rəmzi olan, sərhədlərin mövcudluğundan sonra isə xalqları birləşdirmək kimi müqəddəs amala xidmət edən idman da son yüzillikdə dünyanı başına götürən siyasi oyunbazların hədəfinə tuş gəlib. Müəyyən kampaniyaların, bəzi beynəlxalq təşkilatların idmanın humanist ənənələrindən öz çirkin məqsədləri üçün yararlanmaqdan çəkinmədikləri bir kənara qalsın, yeni-yeni qüvvələri də hər vasitə ilə buna cəlb etməyə can atırlar. Yüzillər sülh və barış missiyasına xidmət edən idmanın güc və birliyin təcəssümü olaraq qalması isə bəşər aləminin sağlam ruhundan xəbər verir! Deməli insanlar idmanın dünyanın daha sağlam, daha güclü, daha inkişaf etməsi üçün əsas vasitələrdən biri olduğunu anlamışlar. Belə olmasaydı sağlam cəmiyyətin bərqərar olmasında əsas vasitələrdən biri hesab olunan idman siyasəti kimlərinsə çirkin oyunlarının qurbanı olacaqdı.

Son onilliklərdə siyasi oyunbazlar maraqları naminə, hətta bütün dünya xalqlarını belə bir araya toplayıb, onların birlik nümayiş etdirməsinə xidmət edən ən böyük idman tədbirlərini baykot etmək üçün min bir vasitəyə əl atırlar. Belə yarışlar zamanı insanların bir-biri ilə dil tapması, ədalətsizliyə qarşı bir yumruqda birləşməsi pərdəarxası siyasi oyunlarla bir araya sığmır. Məsələn, illərlə canına o ki var döşədikləri Azərbaycana qəlbləri coşduran, milyonlarla ürəyi eyni ritmlə döyünməyə məcbur edən idman oyunlarını necə rəva bilərdilər. Amma bütün bu səylərə baxmayaraq reallığı dəyişdirmək qeyri-mümkün oldu. Dünyaya ilk Olimpiya Oyunlarını bəxş etmiş qocaman qitənin ilk oyunlarını, şübhəsiz, Avropanın ən qabaqcıl ölkələrindən biri keçirməli idi. Axı buna qədər öz ölkələrini ən inkişaf etmiş kimi səciyyələndirib, hamıya anlatmağa çalışıblar ki, barış və sülh missiyasını özündə əks etdirən idmana ən böyük töhfələri məhz onlar verə bilərlər. Yalan söylədikləri insanlara necə izah etsinlər ki, hərtərəfli böhranla üz-üzə qalan avropalıların 100 illərlə həsrətində olduğu idman oyunlarını, məhz qüdrətli bir müsəlman dövləti keçirməyə layiqdir. Beyinlərinin lap dərinliyində onları didib-parçalayan İslamafob düşüncələrin əlində əsir-yesir qalan bu qəlbiqaralar, “təki Azərbaycan ev sahibi olmasın”, - deyə hətta Avropa Oyunlarını baykot etməklə, yüzillərlə təriflədikləri Olimpiya dəyərlərinə də qarşı çıxdılar. Ciyasi oyunbazlar əvvəlcə azərbaycanlıların “qayğısına” qalıb, Avropa Oyunları ilə bağlı ölkəyə milyardlarla ziyan dəyməsini bəhanə edib, xalqı ələ almağa çalışdılar. Amma oyunlara hazırlıq çərçivəsində Bakıda həyata keçirilmiş quruculuq işlərinin, bir sıra iri layihələrin, təkcə, iki həftə davam edəcək yarışlar üçün nəzərdə tutulmaması göz qabağında idi. Bütün bu qururculuq işlərinin güclü Azərbaycanın inkişafına verilən daha bir qiymətli töhfə olduğunu görməmək mümkün deyildi. Digər tərəfdən, xalq müxtəlif cinayətlərə görə həbs edilmiş 5-6 nəfərin siyasi məhbus adlandırılıb onlara görə böyük narahatlıq ifadə edən Avropanın bir sıra nüfuzlu qurumlarının hayasızlığına çaşıb qalmışdı. Torpaqlarımızı işğal edib, azərbaycanlılara qarşı dəhşətli soyqırımı törədən, onillər ərzində işğalçılıq siyasətindən əl çəkməyən Ermənistanın oyunlar ərəfəsində daha da fəallaşması, neçə-neçə gənci öz torpağımızda qətlə yetirməsi isə bu oyunbazların heç tükünü də tərpətmirdi. Əslində, bu üzdə belə görünürdü. Yaxın keçmişdə müsəlman bir ölkənin böhranla üz-üzə qalması, orada yaşanan xaos, xalqının soyqırımına məruz qalması, torpaqlarının 20 faizinin işğal olunması və 1 milyona yaxın əhalisinin qaçqın və köçkün vəziyyətə salınmasını neçə yaddan çıxara bilərdilər. Bütün bunların onların “ağaları” tərəfindən həyata keçirildiyi zamandan bizi cəmi iki onillk vaxt ayırır. Deməli qanımıza susamış Ermənistanın hərbi müdaxilələri bu çirkin kampaniyanın bir hissəsi idi və düşmən ölkənin yaşadığı hər bir məğlubiyyət onların ürəyini qanadırdı. Ölkədə qarışıqlıq yaratmaq üçün bütün vasitələr boşa çıxandan sonra isə artıq “saman çöpü”ndən yapışmaları – Avropa liderlərinin Avropa Oyunlarından imtinaya çağırmaları bu mənada başadüşülən idi. Çünki onlar bilirdilər ki, ilk Avropa Oyunları onsuz da baş tutacaq. Amma “ağa”larına sadiq olduqlarını sübut etmək üçün mübarizəni sona qədər davam etdirməli idilər. Bunu hələ Avropa ölkələrinin Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyinə, yekdilliklə səs verəndə başa düşmüşdülər. Əslində o zaman da ölkəmizin inkişafını inkar edə bilmədikləri üçün çarəsiz qalıb bu qərarı qəbul etmişdilər. Mütərəqqi qüvvələr, məhz Azərbaycan kimi tolerant, dini, milli ayrı-seçkilik olmayan, dünya dəyərlərinin qorunduğu, eyni zamanda, təbliğ edildiyi və inkişaf etmiş bir ölkədə Avropa xalqlarının bir arada cəm olmalarına yardım etdi.

Diqqət etsək, idmanı siyasətə qurban verən qüvvələrin arxasında təəssüf ki, dünyanın böyük güclərinin dayandığını görərik. Əslində, bu təbiidir. Dünya durduqca böyük güclər “parçala, hökm sür”, - prinsipi ilə idarə etmişlər və bu tendensiya davam etməkdədir. İlk Avropa Oyunları ərəfəsində ABŞ, Almaniya və Böyük Britaniya kimi nüfuzlu dövlətlər və onlara dəstək verən bəzi ölkələrin KİV-ləri, bir sıra beynəlxalq təşkilatlar antiazərbaycan kampaniyasında planlaşdırılmış şəkildə canfəşanlıq göstərdilər.

Bu ciddi sınaqdan şərəflə çıxan müstəqil Azərbaycan qüdrəti ilə dünyaya meydan oxudu. İlk Avropa Oyunlarının hətta Olimpiya Oyunları səviyyəsində keçirilməsi, həm də idmanın humanist ənənələrinin qələbə çalması demək idi. Sadə avropalılar iki həftə ərzində nəinki paytaxt Bakı, eləcə də regionlarımızla tanış olmaq imkanlarından geniş surətdə bəhrələndilər. Minlərlə gənc könüllü qismində bu gözəl idman tədbirinin yüksək səviyyədə keçirilməsinə parlaq töhfələrini verdi.

İdman oyunlarını siyasiləşdirən “oyunbaz”lar isə növbəti dəfə ifşa edilərək “yuvalarında pusquya” çəkildilər. Çünki qarşıda onları gözləyən Azərbaycanın yeni uğurlarınına kölgə salmaq üçün çirkin kampaniyalara başlayana qədər bu uğurları qısqanclıqla izləməkdən başqa çarələri qalmayıb.

Leyla Qurbanova



Xəbər 2334 dəfə oxundu.