“Kəpəz”də qaqauz futbolçu
“Hazırlığımız çox yüksək səviyyədə keçdi. Komanda hər gün iki dəfə məşq keçir, eyni zamanda yoxlama oyunlarında gücünü sınayırdı”. İdman.com.az saytının məlumatına görə, bu sözü apasport.az-a “Kəpəz”in prezidenti Elmir Əliyev deyib.

Yanvarın 24-dən etibarən təlim-məşq toplanışı üçün Antalyaya yollanan Gəncə klubu, artıq Vətənə dönüb. Hazırlıq müddətində baş məşqçi Fuad İsmayılov gücünü 3 yoldaşlıq oyununda sınayıb.

İlk matçda Qazaxıstan “Atırau”su ilə üz-üzə gələn Gəncə təmsilçisi böyükhesablı qələbə qazanıb - 4:1. Ölkənin ikinci ən titullu klubu daha sonra Polşa “Qurnik”i ilə qarşılaşıb. Yenə sevinən tərəf təmsilçimiz olub. “Kəpəz” rəqibini 3:1 hesabı ilə üstələyib. Əyalət klubu sonuncu matçında Moskva “Spartak”ının əvəzediciləri ilə gücünü sınayıb. 90 dəqiqə ərzində qapılara qol vurulmadığından, oyun başladığı hesabla da yekunlaşıb.

Toplanışla bağlı fikirlərini açıqlayan klub rəhbəri razı qaldığını dilə gətirib: “Uşaqlar əzmkarlıq göstərdilər. Oyunlar zamanı çox istəkli idilər. Rəqiblər bizdən güclü olsalar da, qələbəni “Kəpəz” qazandı. Buna ancaq sevinmək olar”.

Toplanışa yollanan zaman Əliyev müsahibəsində heyəti gücləndirmək məqsədi ilə bir neçə futbolçunu baxışa dəvət edəcəklərini də bildirmişdi: “Baxışda olan futbolçulardan birini bəyəndik. İvan Arabaçı adlı müdafiəçi baş məşqçinin etimadını qazandı. Moldovada yaşayan qaqauz futbolçu ilə müqavilə imzalamağı düşünürük. O, Moldova “Rapid”inin formasını geyinir”.

Xəbər 1070 dəfə oxundu.