Bu gün ​"Qəbələ" və "Qarabağ" Avropa Liqasında növbəti oyunlarını keçirəcək
Bu gün futbol üzrə Avropa Liqasının III turunun oyunları keçiriləcək. Azərbaycan təmsilçiləri "Qəbələ" və "Qarabağ" növbəti oyunlarına çıxacaq.

"Qəbələ" Bakıda Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edəcək. "Bakcell Arena"da keçiriləcək qarşılaşma meydan sahibləri üçün daha çox əhəmiyyət kəsb edir. Tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksələn "Qəbələ" doğma azarkeşlər önündə 3 xal qazanacağı təqdirdə qrupdakı mövqeyini bir az da yaxşılaşdıracaq və qrupun digər oyununun nəticəsində asılı olmayaraq ikinci pilləyə yüksələcək. Lakin Roman Qriqorçukun komandasında çatışmazlıqlar var. Milli komandanın düşərgəsində zədə alan Ermin Zets bu görüşdə oynamayacaq və digər zədəli Rafael Santosun meydana çıxıb-çıxmayacağı isə məlum deyil. Almaniya təmsilçisi isə erməni əsilli Henrix Mxitaryanı Bakıya gətirməyib. Qrupun digər oyununda isə "Krasnodar" (Rusiya) və PAOK (Yunanıstan) komandaları qarşılaşacaq.

"Qarabağ" isə səfərdə Fransa "Monako"sunun qonağı olacaq. Qurban Qurbanov bu görüşdə komandanın aparıcı üzvü Reynaldonun xidmətindən yararlana bilməyəcək. Əvəzində isə uzun müddətdir zədədən əziyyət çəkən Çumbinyo meydana çıxa bilər. Lakin braziliyalı yarımmüdafiəçinin meydana çıxıb-çıxmayacağı hələ dəqiqləşməyib. Bakıda Belçika "Anderlext"ini minimal hesabla (1:0) məğlub edən ağdamlılar səfərdə də 3 xal qazanarsa, ən azından 2-ci pillədəki mövqeyini möhkəmləndirəcək.

Avropa Liqası, Qrup mərhələsi III tur

22 oktyabr

C qrupu
20:00. "Qəbələ" – "Borussiya" (Dortmund, Almaniya)
Baş hakim: İvan Bebek (Xorvatiya)
Bakı. "Bakcell Arena"
Xal durumu: "Borussiya" - 4. "Krasnodar" - 3. PAOK - 2. "Qəbələ" - 1.

J qrupu
22:00. "Monako" (Fransa) - "Qarabağ"
Baş hakim: Yakob Kehlet (Danimarka)
Monako. II Lui Stadionu
Xal durumu: "Tottenhem" - 4. "Qarabağ" - 3. "Monako" - 2. "Anderlext" - 1.

Xəbər 620 dəfə oxundu.