Azərbaycanda futbol üzrə daha iki yığma komanda yaradıldı
Azərbaycanda futbol üzrə iki yeni yığma komandanın yaradılması prosesinə start verilib.

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib.

Onun sözlərinə görə, U-18 və U-20 yığmalarının yaradılması layihəsi çoxdan təklif olunub. Bu gün AFFA-nın baş katibi ilə görüşdə isə həmin təklifin icrasına qərar verilib: "İlk təlim-məşq toplanışı dekabrda Mərdəkan qəsəbəsində yerləşən Təlim-Məşq Mərkəzində keçiriləcək. Toplanışda U-20-də 21 yaşadək futbolçulardan ibarət yığma komandanın məşqçilər heyəti və əsas millinin məşqçiləri, U-18-də isə 19 yaşadək futbolçulardan ibarət yığma komandanın məşqçilər heyəti və əsas millinin məşqçiləri iştirak edəcək. Onların məşq vaxtını müəyyənləşdirəcəyik. Nəzarət isə Məşqçilər Komitəsinə verilib".

V.Sadıqov onu da bildirib ki, oktyabrın 22-də milli komandanın baş məşqçisi Robert Prosineçkinin iştirakı ilə bütün yığma komandalarının baş məşqçiləri ilə birgə görüş keçiriləcək.

Komitə sədri "Kəpəz"in baş məşqçisi Şahin Diniyevin iclasda iştirakına da aydınlıq gətirib: "Yaşar Vahabzadə tövsiyə edilərkən Şahin Diniyev də bizimlə idi. Düşündük ki, onun da məsələ ilə bağlı fikirləri maraqlı olar. Ona görə Şahin müəllimi də dəvət etdik".

"Report"

Xəbər 651 dəfə oxundu.