Qələbə “Neftçi”yə yetmədi
Bu gün Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Qədirovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 3-cü turun oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “Neftçi” son matçında Özbəkistanın “Paxtakor” komandası ilə qarşılaşıb.

Bakı vaxtı ilə saat 17:00-da start götürən görüşdə “ağ-qaralar” qələbə qazansalar da, finala yüksələ bilməyiblər. Belə ki, “B” qrupunda mübarizə aparan bakılıların 1-ci yeri tutaraq, həlledici mərhələyə çıxması təkcə özündən asılı olmayıb. Bütün komandalar eyni sayda xal topladığından “Neftçi”nin 3:0 hesablı qələbəsi qalib olmağa kifayət etməyib.

Çünki “Metallist” də “Poloniya”nı məğlub edərək (4:0), təmsilçimizi arxada qoyub. Onlar şəxsi oyundakı qələbə və top fərqində Böyükağa Hacıyevin komandasından üstün olublar.
Xatırladaq ki, turnirdəki ilk qarşılaşmasında Ukraynanın “Metallist” klubuna 1:3 hesabı ilə uduzan “Neftçi” daha sonra eyni hesabla Polşanın “Poloniya” komandasına qalib gəlib.

“Neftçi” (Azərbaycan) – “Paxtakor” (Özbəkistan) - 3:0
Rəşad Abdullayev, 3, Bahadır Nəsimov,45, 68

“Metallist” (Ukrayna) – “Poloniya” (Polşa) - 4:0
Tayson, 29, Kleyton, 34 (pen), Deviç, 65, 77

Xəbər 926 dəfə oxundu.