Güləş yığmalarımız təlim-məşq proseslərini davam etdirir
Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları Olimpiya Güləş Mərkəzində davam etdirir.

Başa çatmaqda olan ilin yunan-Roma üzrə yığma komandamız üçün çox uğurlu olduğunu bildirən baş məşqçi Cəmşid Xeyrabadi bu uğurların təsadüfi olmadığını deyib.

"Azərbaycan güləş tarixində ilk dəfə Dünya Kuboku turnirinin qalibi olduq. İndi isə qarşıdakı yarışlara hazırlaşırıq. Federasiya rəhbərliyinin yaratdığı şərait, gərgin məşqlər və Azərbaycan xalqının dəstəyi ilə hələ çox uğurlara imza atacağımıza ümid edirəm. Qarşıda bir neçə mötəbər turnir olacaq. Bəzilərində gənc güləşçiləri də sınaqdan keçirmək fikrimiz var. Dünya çempionatında idmançılarımız yaxşı çıxış etdilər. Las Veqasda medal qazanan güləşçilərimiz də bilir ki, onların Rio Olimpiadasına yollanması qətiləşməyib. Çalışacağıq ki, Braziliyaya ən güclü idmançılar getsin. Odur ki, heç kimdə arxayınlıq yaranmamalıdır. Həm hazırlıq prosesində, həm də qarşıdan gələn yarışlarda onları yoxlamaq imkanımız olacaq. Rio Olimpiadasına bu gərgin rəqabətdən qələbəylə ayrılan idmançılar gedəcək”.

Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Saypulla Absaidov ilin sonu və qarşıdakı il üçün əsas hədəfin Olimpiya Oyunlarına hazırlıq və dördilliyin zirvə yarışında uğurlu çıxış olduğunu bildirib.

"Azərbaycan güləşçiləri onlara göstərilən etimadın məsuliyyətini dərk edirlər. Hətta istirahət vaxtı da müəyyən proqramlar üzrə məşqlərini davam etdiriblər. Buna görə də hazırda yaxşı formadadılar. Bilirsiz ki, qarşıda duran əsas tapşırığımız Rio Olimpiadasına maksimum lisenziya qazanmaq və Braziliyada uğurla çıxış etməkdir. Elə indidən məşqlərimizi elə qururuq ki, Olimpiya Oyunlarına qədər hamı optimal formada olsun”.

Qadın güləşi üzrə yığma komandanın baş məşqçisi Semyon Çterev də məşqlərin yüksək səviyyədə keçdiyini və qarşıdakı yarışlarda gənc qızlara şans verəcəklərini bildirib.

“Qızlarımız səylə hazırlaşırlar. Məşqlərimiz yüksək səviyyədə davam edir. Olimpiya Oyunlarına 3 lisenziya qazanmışıq. Ancaq bunların sayını artırmaq niyyətindəyik. Heyətdə perspektivli güləşçilərimiz var. Onlara böyük ümidlər bəsləyirik. Düşünürəm ki, yaradılan bu cür şərait qarşılığında yüksək hədəflər uğrunda mübarizə aparmağa borcluyuq. Qarşıda bir sıra turnirlər olacaq. Bunların hamısında əsas heyətlə çıxış etməyəcəyik. Bəzi gənc qızlarımızı da yoxlamaq istəyirik”.

Məlumat üçün bildirək ki, hər üç komandanın üzvləri noyabrın 6-8-də Moskvada keçiriləcək Avropa Millətlər Kubokunda, noyabrın 27-29-da isə, Bakıda baş tutacaq ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində qüvvələrini sınayacaq.

Xəbər 626 dəfə oxundu.