Sərbəst güləşçilərimiz Xasavyurtda 1 gümüş və 2 bürünc medal qazanıb
Dağıstanın Xasavyurt şəhərində keçirilən sərbəst güləş üzrə sayca 7-ci “Qitələrarası Kubok” beynəlxalq turniri başa çatıb. Turnirdə iştirak edən yığma komandamızın üzvləri 1 gümüş və 2 bürünc medala sahib olub.

Məşqçi David Kurtsiyanın rəhbərliyi altında Xasavyurtda mübarizə aparan güləşçilərimizdən Roman Bəkirov (97 kq) finala qədər inamlı güləşib. İlk görüşdə Rusiyadan Tamerlan Rasuevi 7:6, ardınca Məhəmmədrəsul Qazıməhəmmədovu 9:3, yarımfinalda ABŞ təmsilçisi Dastin Kilqoru tam üstünlüklə məğlub edən güləşçimiz finala yüksəlib. Ancaq finalda Rusiya güləşçisi Axmed Bataevə uduzan təmsilçimiz gümüş medalla kifayətlənib.

97 kq-da mübarizə aparan digər təmsilçimiz Aslanbek Alborov isə, ilk görüşdə ABŞ-dan Vinn Mixalak (6:3), ardınca Qazaxstan təmsilçisi Mamed İbrahimov (2:0), Rusiyadan Zaynula Kurbanov (5:3) üzərində qələbə qazanıb. Ancaq yarımfinalda digər Rusiya təmsilçisi Axmed Bataevə uduzan güləşçimiz bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə daha bir Rusiya təmsilçisini Azret Şoqenovu 7:3 üstələyən Aslanbek Alborov turnirin bürünc medalına sahib olub.

86 kq-da mübarizə aparan Hacımurad Məhəmmədsəidov ilk görüşdə Qazaxstandan Nurali Baymuratovu tam üstünlüklə məğlub etsə də, Rusiyadan Zəlimxan Minkailova uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşlərə qatılmaq imkanı verib. Qazaxstandan Kanat Berdıev və Azamat Dauletbekovu üstələyən Hacımurad bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə Polşa təmsilçisi Sebastian Jezirjanskini də məğlub edən təmsilçimiz turnirin bürünc medalına sahib olub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib.

Xəbər 655 dəfə oxundu.