“Qarabağ” futbol komandası məğlubiyyətsizlik seriyasını davam etdirir
Oktyabrın 17-də futbol üzrə Topaz Premyer Liqasının səkkizinci turu çərçivəsində lider “Qarabağ” (Ağdam) komandası turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Zirə” kollektivinə 4:1 hesabı ilə qalib gəlib. İndiyədək keçirdiyi 8 oyunun heç birində məğlubiyyətə uğramayan Ağdam komandası növbəti qələbə sayəsində yenidən turnir cədvəlinin birinci pilləsinə yüksəlib. “Zirə” isə cari mövsümdə ilk məğlubiyyətini alıb.

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən görüşü hakim Ramil Diniyev idarə edib.

“Zirə” klubunun qapısından topları qarşılaşmanın 4-cü və 15-ci dəqiqələrində Samuel Armenteros, 25-ci və 82-ci dəqiqələrdə isə Riçard Almeyda keçiriblər. R.Almeyda ikinci qolunu on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə vurub. “Zirə”nin heyətində isə 33-cü dəqiqədə İqor İvanoviç fərqlənib. Qalan dəqiqələrdə qapılara qol vurulmayıb.

Hazırda baş məşqçi Qurban Qurbanovun yetirmələri 20 xalla çempionatın vahid lideridir. “Qəbələ” klubu 19 xalla ikinci, “Zirə” komandası isə 15 xalla üçüncü pillədə qərarlaşıb.

Oktyabrın 18-də keçiriləcək iki qarşılaşma ilə Premyer Liqanın VIII turuna yekun vurulacaq. “Xəzər Lənkəran” doğma meydanda AZAL klubunu, “Kapital Bank Arena”da isə “Sumqayıt” komandası “İnter”i qəbul edəcək.

Xəbər 671 dəfə oxundu.