Çövkən oyunu üzrə dördüncü Azərbaycan çempionatında səkkizdəbir finalın bütün iştirakçıları müəyyənləşib
Oktyabrın 17-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən atüstü milli oyunu üzrə dördüncü Azərbaycan çempionatının play-off mərhələsinə yekun vurulub.

Play-off mərhələsi çərçivəsində “Balakən” komandası “Zaqatala”ya 9:0, “Salyan” kollektivi “Qazax”a 2:0, “Oğuz” isə “İsmayıllı”ya 3:0 hesabı ilə qalib gəlib. “Şuşa” yarışa gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib və rəqibi “Qax” növbəti mərhələyə yüksəlib.

Beləliklə, səkkizdəbir final mərhələsi çərçivəsində oktyabrın 18-də “Ağcabədi” – “Yevlax”, “Sərhədçi” – “Batabat”, “Laçın” – “Bərdə” və “Ağstafa” – “Qəbələ”, bir gün sonra isə “Polad” – “Balakən”, “Şəki” – “Salyan”, “Köhlən” – “Qax” və “Ağdam” – “Oğuz” görüşləri keçiriləcək. Oktyabrın 21-də dörddəbir, 22-də isə yarımfinal qarşılaşmaları oynanılacaq. Turnirin sonuncu günü – oktyabrın 24-də isə üçüncü yer uğrunda oyun və final görüşü keçiriləcək.

Ümumi mükafat fondu 50 min manat olan Azərbaycan çempionatının keçirilməsində məqsəd ölkənin qədim atüstü milli oyunlarının kütləviliyinin artırılması, atçılıq idmanının və milli atçılığın inkişaf etdirilməsi, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğidir.

Xəbər 1251 dəfə oxundu.