“Azərbaycanla oyun çətin olacaq”
“Portuqaliya və Azərbaycan komandaları ilə yer aldığımız qrupun tərkibi çox güclüdür. Rəqib düşərgədə çox sayda milliləşən braziliyalılar var”. İdman.com.az saytının məlumatına görə, bu sözü futzal üzrə Serbiya milli komandasının baş məşqçisi Atsa Kovaçeviç deyib. Xorvatiyada keçirilən Avro-2012-nin final mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alan serbiyalıların çalışdırıcısı yığmamızla fevralın 3-dəki oyunu şərəf məsələsi sayır:

“Azərbaycan yığmasında 5 braziliyalı çıxış edir. Üstəlik baş məşqçiləri də həmin ölkədəndir. Bu qarşılaşmalarda biz Avropanın şərəfini qorunmalıyıq. Azərbaycanın cənubi amerikalıları öz oyun üslubları ilə tanınır. Topla oyun, texnikalılıq və üstəlik qeyri-standart hərəkətlər onları fərqləndirir. Onlarla oynamaq çox çətin olacaq. Lakin 1/4 finala vəsiqə üçün onlara qalib gəlməliyik. Çünki Portuqaliya yığması yarışa İspaniyanı çempionluqdan məhrum etmək üçün gəlib”.

Xəbər 916 dəfə oxundu.