AFF prezidenti: «Minimum vəzifəmiz 1/4 finala yüksəlməkdir» - MÜSAHİBƏ
Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov Xorvatiyada brifinq keçirib. İdman.com.az saytının məlumatına görə, Avropa çempionatının final mərhələsində iştirak edəcək millimizin hazırlığından danışan AFF rəhbəri, apasport.az saytının Zaqrebə ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb:

- Milli komandamız ilk turda Portuqaliya yığması ilə oyuna tam hazırdımı?
- Deyərdim ki, yığma komandamız bugünkü ilk matçına 80 faiz hazırdır. Müəyyən səbəblərə görə qalan 20 faizi, tam hazır olduğunu deyə bilmərəm. Mən də onları əvvəl açıqlamışdım. Biro Jadenin yoxluğu və müəyyən oyunçularımızın zədəli olmağı öz təsirini göstərir. Ancaq buna baxmayaraq, məqsədimiz 1/4 finala yüksəlməkdir. Bu, bizim minimum vəzifəmizdir. Ona görə ilk turda Portuqaliyaya qarşı tam hazırlıqlı çıxacağıq. Əsas da fevralın 3-də Serbiya ilə matçımızdır və ona tam hazırıq.

- Yəni Portuqaliya çox güclü yığmadır və ona qalib gəlmək çətin olduğundan, əsas Serbiya ilə matçda buna nail olmaq lazımdır...
- Bilirsiniz ki, Portuqaliya yığması dünyada çox tanınmış komandadır, ilk beşlikdə yerləşib. 2 il öncəki Avropa çempionatında onların bir-iki aparıcı oyunçusu yox idi. Halbuki onlar indi bizə qarşı ilk dəqiqələrdən oynayacaqlar. Mən Portuqaliya yığmasını çox güclü rəqib sayıram. Deyə bilərəm ki, biz onları bu heyətlə Avropa çempionatının finalında da görə bilərik. Ancaq bu, futzaldır və komandamız bacardığını tam oynayacaq. Bizim çıxıb, portuqaliyalılara uduzmaq fikrimiz yoxdur. Təbii ki, yığmamız 2 il öncəki səviyyədə komanda deyil. Ancaq istənilən halda, Portuqaliya ilə döyüşə hazırıq.

- Bu ana kimi telekanallarımızdan heç biri yığmamızın oyununu göstərməyəcək. Bu, sizin üçün önəmli idi?
- Belə deməzdim. Yəqin ki, “İdman Azərbaycan” kanalı oyunumuzu göstərəcək. Təbii ki, Azərbaycanda futzala maraq böyükdür. AFFA rəhbərliyi də bunun üçün lazımı addımları atır. Mən fikirləşirəm ki, tamaşaçılarımızı sevindirərik.

- Ümumiyyətlə, hazırkı Avropa çempionatında təşkilatçılıq 2 il əvvəlki ilə müqayisədə sizi qane edirmi?
- Deyərdim ki, eyni səviyyədədir. Mən istəməzdim ki, ya macarlar, ya da xorvatlardan hansınısa bir-birindən üstün tutum. Ancaq bu, Avropa çempionatıdır və yaxşı səviyyədə hazırlanılıb. Xorvatiyada da çempionata maraq böyükdür. Oyunların keçirildiyi Zaqreb, Split şəhərlərində canlanma var. Ümumiyyətlə, ölkə hazırda futzal üzrə Avropa çempionatı ilə yaşayır. Federasiyanın prezidenti kimi komandamızla bağlı təşkilatçılıq işlərindən razılığımı bildirirəm.

- Millimizin 2 il əvvəl ilə müqayisədə zəifləməsinin əsas səbəbi nədir? Nəyə görə yerli futzalçıların arxası gəlmir?
- Bunların müəyyən səbəbləri var. Əsas səbəb odur ki, həmin Tyaqu, Biro Jade, Serjao bir komandada – Naxçıvanın “Araz” klubunda oynayırdılar. Onlar bir məşqçinin rəhbərliyi ilə təlim-məşq toplanışı keçirdilər. Müəyyən səbəblərə görə bu oyunçular “Araz”dan getdilər. Tyaqu Küveyt komandasına, Biro ilə Serjao Ukraynanın “Uraqan” klubuna keçdi. Ukrayna və Azərbaycan çempionatı bir-birindən fərqlənir. Fərqli məşqçilərlə işləyirlər. Gedib-gəlmək öz nəticəsini göstərir, 10 gün təlim-məşq toplanışı olur, sonra Serjao Ukraynaya, Tyaqu Küveytə qayıdır və yenidən optimal formanı yığmaq çətin olur. Sizə açıq etiraf edim ki, indi komanda ilə 2 il öncəki arasında 50 faiz fərq var.

- Yığmamız qrupdan çıxmasa, uğursuzluq sayılacaq. Bu, yığmamızın braziliyalı baş məşqçisi Joze Alesio Da Silva ilə yaşlı oyunçularının gələcək taleyinə birbaşa təsir göstərə bilərmi?
- Təbii ki. Biz 2 il öncəki Avropa çempionatında əsas vaxtda yalnız çexlərə uduzaraq, 4-cü yeri tutduq. Bilirsiniz ki, o vaxt yarımfinalda portuqaliyalılara da uduzmadıq, oyun sonrası penaltilərlə yenildik. Təbii ki, mən qrupda qalmaq kimi uğursuzluğun olmağını istəməzdim. Ancaq nəinki braziliyalı, elə yerli oyunçuların da baş məşqçi daxil olmaqla, yığmada qalıb-qalmamağı gündəmə gələ bilər.

- Onların məsul sınaq öncəsi işə peşəkar kimi münasibəti sizi razı salırmı?
- Hazırda baş məşqçi ilə oyunçuların ilk matça hazırlığı, münasibəti məni qane edir. Mən özüm də bunu hiss edirəm. Biz dəfələrlə komanda ilə iclaslar, toplantılar keçiririk. Yəni əhval-ruhiyyə yaxşıdır, məşqlər vaxtında proqram üzrə keçirilir. Əzmkarlıq vardı, ancaq məni bir federasiyanın prezidenti kimi yalnız nəticə qane edə bilər. Başqa amillər, baş məşqçi ilə oyunçuların peşəkarlığı öz yerində. Təbii ki, onların iştirakı ilə bu komanda Azərbaycan futzalı üçün müəyyən addımlar atıblar. Futzal yığmamızın reytinqdə yüksək yerlərə çıxmağı başda AFFA rəhbərliyi olmaqla, braziliyalı çalışdırıcımızın da böyük rolu olub. Ancaq bu, hər şey demək deyil. Təbii ki, biz yenə də final mərhələsinə nəticə göstərməyə gəlmişik. Biro Jadenin olmamağı o demək deyil ki, nəticə qazanmayacağıq.

- Yəni yığma bir oyunçudan asılı olmamalıdır...
- Təbii ki. Futzal komanda oyunudur. Hamı nəyi var, yüz faiz gücünü ortaya qoymalıdır. Bundan artıq heç bir çempionat ola bilməz. Bizim bir məqsədimiz də var. Bildiyiniz kimi, martın 27-də Bakıda dünya çempionatının ilk pley-off oyununu keçirəcəyik. Ona biz bu Avropa çempionatından sonra hazırlaşacağıq. İndi həmin matçı fikirləşmirik. Hazırda yalnız Xorvatiyadakı Avropa çempionatı haqda düşünürük.

- Avropa çempionatından sonra yığmamızda köklü dəyişilər olsa, bu, qısa müddətdə, yəni dünya çempionatı öncəsi pis təsirini göstərə bilər. Ona görə də radikal islahatları dünya çempionatının final mərhələsinə çıxıb-çıxmamağınıza aydınlıq gələndən sonra etməyi daha məqsədəuyğun saymırsınız?
- Bilirsiniz, mən buna tələsməzdim. Bu, bir az çətin məsələdir. Təbii ki, qrup oyunlarımızın nəticələri təhlil olunacaq. Oyunların videoyazısına məşqçi heyəti ilə baxıb, bir qərara gələcəyik.

- Millimizin Avropa çempionatında uğurlu çıxışına görə mükafat qoymusunuz? Futbolçularımız yenə nəticə qazanmağa stimullaşdırılıbmı?
- Təbii ki, AFFA rəhbərliyi nəinki futzal, futbola aid bütün milli komandalara lazım olan bütün dəstəyi hərtərəfli göstərir. Həm mənəvi, həm maddi dəstək olur. Hamı da bundan razıdır. Ancaq bugünkü gün nə oyunçular, nə biz pul barədə fikirləşirik, fikirləşə də bilmərik. Təbii ki, əvvəl nəticə olmalıdır, sonra nə məsləhət olarsa, o da həyata keçiriləcəkdir. Bugünkü gün mükafatlandırmadan söhbət gedə bilməz.

Xəbər 1071 dəfə oxundu.