İordaniya şahzadəsi yenidən FİFA prezidenti postuna namizədliyini irəli sürür
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezident postuna keçiriləcək seçkilərdə iştirak üçün ərizələrin qəbulu oktyabrın 26-da sona çatır. İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn seçkilərdə namizədliyi üçün tələb olunan bütün lazımi sənədləri təşkilata təqdim edib.

FİFA prezidentliyinə yeni seçkilərin 2016-cı il fevralın 26-da keçiriləcəyi gözlənilsə də, bu günlərdə onun bir qədər gecikəcəyi ehtimalı barədə informasiya yayılıb.

Xatırladaq ki, şahzadə son seçkidə 1998-ci ildən FİFA-ya başçılıq edən Yozef Blatterin yeganə rəqibi idi.

Bir qədər əvvəl FİFA-nın başçısı postuna namizədliyini korrupsiya qalmaqalı səbəbindən vəzifəsindən və futbolla bağlı fəaliyyətdən 90 gün müddətinə kənarlaşdırılmış UEFA prezidenti Mişel Platini və Koreya Futbol Assosiasiyasının keçmiş başçısı Çon Moncun da irəli sürmüşdü. Sonuncu FİFA-nın etika üzrə komitəsinin onun barəsində çıxardığı 6 il futboldan uzaqlaşdırılma barədə qərarın ləğvinə nail olmasa, seçkilərdə iştirak edə bilməyəcək.

Xəbər 671 dəfə oxundu.