Sərbəst güləşçilərimiz qitələrarası kubok uğrunda yarışacaqlar
Oktyabrın 16-dan 18-dək Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə VII qitələrarası kubok turniri keçiriləcək.

Beynəlxalq turnirdə yığma komandanın məşqçilər korpusunun rəyinə əsasən 11 güləşçinin iştirakı planlaşdırılır.

Məşqçi David Kurtsiyanın rəhbərliyi altında Xasavyurtda Ruslan Qasımov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev, Teymur Məmmədov (hər ikisi 65 kq), Coşqun Əzimov, Emin Əzizov (hər ikisi 70 kq), Məhəmmədhacı Muxutov, Mircəfər Murtuzlu (hər ikisi 74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov, Məhəmməd Abdulxalikov (hər ikisi 86 kq) və Əli Maqomedabirov (125 kq) mübarizə aparacaqlar.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edəcək.

Turnirin proqramına əsasən, oktyabrın 17-də 57, 65, 74 və 97, oktyabrın 18-də isə 61, 70, 85 və 125 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Xəbər 614 dəfə oxundu.