Oleq Protasov: “Azərbaycan futbolundan söz düşəndə, yadıma “Neftçi” düşür” - MÜSAHİBƏ
Sovet futbolunun canlı əfsanəsi, hazırda Qazaxıstanın “Lokomotiv” (Astana) klubunu çalışdıran Oleq Protasovun apasport.az saytına müsahibəsi verib. Həmkarım İxtiyar Əsgərovla söhbətdə, ukraynalı mütəxəssis bizim futbolla bağlı xatirələr və Yunanıstanda legioner həyatı yaşayan Araz Abdullayevdən danışıb:

- Azərbaycan futbolundan söz düşəndə, öncə ağlınıza nə gəlir?
- Futbol anlamında təbii ki, “Neftçi”.

- Bəs Bakı?
- Bakı, yadımda gözəl şəhər kimi qalıb. Düzdü, “Neftçi” ilə oyuna gedəndə uzun yolçuluq adamı yorurdu. Bununla belə, Bakıda özümü sanki başqa bir yerdə olduğumu zənn edirdim. Adamda elə təsəvvür yaranırdı ki, sanki Asiyadasan.

- Karyeranızın daha çox bağlı olduğu “Dnepr” və Kiyev “Dinamo”su üçün Bakıdakı oyunlar həmişə çətin alınıb. Bunu nə ilə izah edərdiniz?
- Açığı, Bakıdakı oyunlar bir o qədər də yadımda deyil. Onu bilirəm ki, yerli azarkeşlər 90 dəqiqə ərzində “Neftçi”yə çox güclü dəstək verirdilər. Təbii ki, belə ab-havada oynamaq hər bir komanda üçün çətin idi.

- “Neftçi”dən hansı futbolçuları qeyd edərdiniz? Sizə bir hücumçu kimi hansı müdafiəçimizə qarşı oynamaq daha çətin idi?
- Təəssüflər olsun ki, kiminsə adını xatırlaya bilmirəm.

- Futbolçu karyeranızda ən ağır zədəni Aleksandr Judkovdan aldığınız da yadınızda deyil? Bildiyimizə görə, həmin zədədən sonra uzun müddət meydana çıxa bilmədiniz...
- (gülür) Həmin zədə yadımdadır. Amma nəzərdə tutduğunuz qarşılaşma Bakıda deyil, Dnepropetrovskda olmuşdu. Jidkov çıxışda çox sərt oynamışdı. Onun həmin epizodda mənə qarşı hansısa pis niyyəti yox idi. Düzdü, toqquşma nəticəsində zədələndim. Amma bu, siz deyən qədər çox uzun sürmədi. Oyundan sonra Jidkov məndən üzr istəmişdi. Onunla indi də dostluq münasibətlərimiz var.

- SSRİ dağıldıqdan sonra Azərbaycanda kiminləsə əlaqəniz olubmu?
- Xeyr, olmayıb. Bircə onu bilirəm ki, Anatoli Demyanenko bir neçə il əvvəl ölkənizdə çalışırdı, Sergey Yuran isə hal-hazırda “Simurq”un baş məşqçisidir.

- Azərbaycanda işləməklə bağlı təklif almsınızmı?
- İndiyədək mənə ölkənizdən hər hansı təklif gəlməyib.

- Karyeranızda Yunanıstan çempionatı xüsusi yer tutur. Bu ölkənin ən titullu klubu olan "Olimpiakos"da həm oynamısınız, həm də baş məşqçisi olmusunuz. İndi bu ölkənin "Panionis" klubunda yığmamızın futbolçusu Araz Abdullayev çıxış edir. Sizcə, azərbaycanlı futbolçu Yunanıstan Superliqasında necə möhkəmlənə bilər?
- Mən Araz Abdullayevi tanımıram, heç “Panionis”in oyunlarını da izləmirəm. Amma məsləhətim odur ki, Araz öz üzərində çalışmalıdır. Bütün fikrini məşqə, komandaya yönəltməlidir. Bildiyim qədəri ilə hazırda Yunanıstanda klublar maliyyə sarıdan çox əziyyət çəkirlər. Bütün bunlara dözmək lazımdır. İndi Yunanıstan çempionatında çətin dövrdür, və Araz da digər futbolçular kimi səbr etməlidir. Arzu edərdim ki, futbolçunuz hansısa problemlə üzləşməsin. İndi bütün Yunanıstan böhrandadır.

- Sizin baş məşqçiliyiniz dövründə menecerlər tərəfindən “Astana” klubuna hansısa azərbaycanlı futbolçu təklif olunubmu?
- Xeyr.

- Bəs komandanızda azərbaycanlı futbolçu görmək istəyərdiniz?
- Həyatda hər şey ola bilər. Əgər məni qane edən səviyyəli futbolçu olarsa, niyə də komandamızda azərbaycanlı olmasın?

- 3 dəfə SSRİ çempionatının bombardiri olmusunuz. 1985-ci ildə 1 mövsümdə vurduğunuz 35 qolla SSRİ çempionatlarının rekordçusu olmusunuz...
- (sözümüzü kəsir) 35 yox, 34.

- Biz 35 qol bilirik. Həmin vaxt bəziləri bu rekordu vurmaq üçün hətta digər komandaların sizə kömək etdiyini iddia edirdilər...
- Ola bilər, bəlkə də 35. Bu sualı mənə çox veriblər. Əlbəttə mənə kömək ediblər, ancaq öz komanda yoldaşlarım. Başqa komandalar mənə necə kömək edə bilərdilər?

- Vaxtilə Valeri Lobanovskinin rəhbərlik etdiyi SSRİ yığması və Kiyev “Dinamo”su çox güclü heyətə malik idi. O komandaları indi hansı komanda ilə müqayisə etmək olar?
- Hansısa müqayisə aparmaq istəməzdim. Çünki o vaxt tam fərqli dövr idi. O zaman daha az məbləğin qarşılığında ölkənin şərəfini qoruyurduq. İndi isə tam başqa mühit, tam başqa futbol. Buna görə də, paralellər aparmaq düzgün olmazdı. İndiki gənclərlə müqayisədə bizdə istək, komanda ruhu daha yüksək idi. Bunu söyləməklə, indiki gənclərə qarşı pis niyyətim yoxdur.

- Sovet dövründə ölkə rəhbərliyi tərəfindən komandaya təzyiqlər vardı. Bəlkə bu səbəbdən daha istəkli idiniz?
- Düz deyirsiniz, o vaxtlar sadaladığınız faktlar var idi. Amma bu təzyiqləri daha çox məşqçilər hiss edirdi. Biz futbolçular həmin gərginliyi bir o qədər də hiss etmirdik. Amma inanın mənə ki, indi çoxlu pullar xərcləyən klub prezidentinin təzyiqi o vaxtkı təzyiqlərdən heç də az deyil.

Xəbər 1128 dəfə oxundu.