Avropa çempionatında uğurla çıxış edən ağır atletlərimiz Vətənə qayıdıblar
Litvanın Klaypeda şəhərində keçirilən yeniyetmələr və 23 yaşadək ağır atletlər arasında Avropa çempionatında uğurla çıxış edən idmançılarımız Vətənə qayıdıblar. Azərbaycanın ağır atletləri Vətənə 3 qızıl və 1 bürünc medalla dönüblər.

Heydər Əliyev Beynəlxalq Aeroportunda atletlərimizi “Zirvə” beynəlxalq idman klubunun rəhbər və nümayəndə heyəti, idmansevərlər və digər şəxslər qarşılayıblar.

Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edən milli komandanın məşqçisi Hafiz Süleymanov atletlərimizin qitə birincilyindəki çıxışını yüksək qiymətləndirib, yaradılan şəraitə görə “Zirvə” beynəlxalq idman klubuna və federasiyaya minnətdarlığını bildirib.

Avropa rekordunu yenilədiyi üçün xoşbəxt olduğunu diqqətə çatdıran birinciliyin qızıl medalçısı Firudin Quliyev məşqçilərinə təşəkkür edib və uğurların davamlı olacağını söyləyib.

Qitə çempionatında Firudin Quliyev, Anastasiya İbrahimli və Dadaş Dadaşbəyli qızıl, Allahyar Abuşov isə bürünc medal qazanıb. Azərbaycan yığma komandası bu nəticə ilə Avropa çempionatında üçüncü yeri tutub.

Xəbər 776 dəfə oxundu.