Türkiyə futbolunda növbəti gərginlik: TFF prezidenti istefa verdi
Türkiyə Futbol Federasiyasının prezidenti Məhməd Əli Aydınlar vəzifəsindən istefa verib. İdman.com.az saytının məlumatına görə, onunla birlikdə 2 vitse-prezident – Göysəl Gümüşdağ və Lütfü Arıboğan da istefaya gediblər. Fevralın 27-də TFF-nin yeni prezidentini seçmək üçün fövqəladə qurultay keçiriləcək.

Xatırladaq ki, danışılmış oyunlarla bağlı istintaq və həbslərlə əlaqədar ötən ilin iyulundan bəri Türkiyə futbolunda ciddi böhran yaranıb. Qalmaqalda “Fənərbağça” başda olmaqla 8 klubun adı keçir. TFF UEFA-nın israrlarına baxmayaraq, indiyə qədər bu klublara cəza verməyib. Son olaraq UEFA TFF-dən cəzaları tezləşdirməyi tələb etmişdi.

M.Ə.Aydınlar “Fənərbağça” klubunun üzvüdür. Onun “sarı-lacivərdlər”ə cəza verən prezident olaraq tarixə keçmək istəmirəm” dediyi bildirilir.
Qeyd edək ki, türkiyəli iş adamı ötən ilin sonu Azərbaycanda olub. O, “Bakı” futbol klubunun vitse-prezidenti Tünc Əfşar və Milli komandamızın voleybolçusu Natəvan Qasımovanın toy şənliyində iştirak edib.

Xəbər 1002 dəfə oxundu.