Qurban Qurbanov: “Komandada işlər yaxşılığa doğru gedir” - MÜSAHİBƏ
Antalyada hazırlıqda olan “Qarabağ” toplanış çərçivəsində daha bir yoxlama matçı keçirəcək. İdman.com.az saytının məlumatına görə, bu dəfə “Qarabağ”ın rəqibi Rumıniyanın "Petrolul Ploiesti" komandasıdır. Dünən isə, Ağdam təmsilçisi Ukraynanın “Obolon” klubunun ikinci heyəti ilə görüşüb və 0:3 hesabıyla məğlub olub. Görüşdən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qol.az saytının suallarını cavablandırıb:

- “Obolon”la yanaşı, siz də bu gün meydana ikinci heyəti buraxdınız. Futbolçularınızın oyunundan nə dərəcədə razı qaldınız?
- Bu gün əsasən az oynayan futbolçulara şans vermişdim ki, özlərini 90 dəqiqə ərzində göstərsinlər. Bu oyun bir növ futbolçuları “yükləmə” xarakteri daşıyırdı. Bəzi oyunçular yaxşı oynadı, bəziləri əksinə, düşündüyümdən də zəif təsir bağışladılar. Onlar çempionata qədər hazır olmalıdırlar. Çalışmalıdırlar ki, yaxşı durumda olsunlar. Belə qarşılaşmalarda səviyyəcə üstün olan komanda qələbə qazanır. Amma yenə də futbolçularımız çalışdılar. Belə matçlar onlar üçün böyük təcrübədir.

- Ukrayna təmçilsi ilə matçda əsas heyətdə üç gənc futbolçunu – yeni transferiniz Eltun Yaqublu ilə “Qarabağ”ın yetirmələri olan Kamil Hüseynov və Toğrul Bilallını da gördük. Onların oyunu barəsində fikirləriniz necədir?
- Pis oynamadılar. Eltun get-gedə formasını bərpa etməyə başlayır. O, əvvəlcə mərkəz müdafiəçisi kimi oynadı, sonra sağ cinahda çıxış etdi. Bu futbolçular öz üzərlərində çalışırlar. Hələlik belə toplanışlarda olmadıqlarına görə birdən-birə ağır yük altına girməyə hazır deyillər.

- Baxışda olan xorvatiyalı Qoran Kraçki birinci hissədə normal təsir bağışladı. Amma sonra oyunda nəzərə çarpmadı və onu əvəzləməli oldunuz. Onunla bağlı nə kimi qərar verəcəksiniz?
- O, orta səviyyədə oynadı. Hiss olunur ki, bura hazırlıqlı gəlməyib. Məni narahat edən odur ki, futbolçular baxışa hazır gəlmirlər. Bizə isə hazır futbolçu lazımdır ki, çempionatın ilk oyunlarında komandaya kömək etsinlər. Qoran pis oyunçu deyil. Onu növbəti oyunumuzda da sınaqdan çıxarmağı düşünürəm.

- “Qarabağ” yoxlama oyunlarında yaxşı nəticə qazanmır. Budəfəki toplanış da istisna deyil: keçirdiyiniz dörd oyunun üçündə uduzub, birində heç-heçə etmisiniz. Bunun səbəbini nədə görürsünüz?
- İstəyərik ki, hər bir oyunda yüksək nəticə əldə edək. Amma hazırlıq dönəmi elədir ki, istədiyin oyunu sərgiləyə bilmirsən. Bununla belə, komandada işlər yaxşılığa doğru gedir, futbolçular daha sürətli oynayır və səhvlər azalmağa başlayır.

Xəbər 1000 dəfə oxundu.