Bu gün AVRO-2016-nın seçmə mərhələsində daha 9 oyun keçiriləcək
Bu gün futbol üzrə Avropa çempionatının seçmə mərhələsində IX tura yekun vurulacaq. Turun son oyun günündə 3 qrupda 9 qarşılaşma baş tutacaq.

Beynəlxalq arenada əsas diqqətlər A qrupundakı Çexiya - Türkiyə matçına yönələcək. Çexiya artıq İslandiya ilə birgə AVRO-2016-nın final mərhələsinə vəsiqəni təmin etdiyi halda, Türkiyə Hollandiya ilə qrup 3-cülüyü uğrunda mübarizə aparır. "Narıncılar"ın Qazaxıstanla səfər matçı daha tez başlayacağından, baş məşqçi Fatih Terimin komandası əsas rəqibinin oyununun nəticəsindən xəbərdar olacaq. Son zamanlar uğurlu təsir bağışlamayan Hollandiya Astanada uduzsa, Türkiyəyə "pley-off" vəsiqəsi üçün 1 xal da kifayət edəcək. Astanada qonaqlar heç-heçə etsə, "ay-ulduzlular"ı qələbə qrupdan çıxaracaq. Fransaya vəsiqəni ötən tur təmin etmiş İslandiyanın Latviya ilə ev oyunu isə formal xarakter daşıyır.

B qrupundan final mərhələsinə hələ vəsiqə qazanan olmayıb. Amma hazırda buna ən yaxın olanı Belçikadır. Çünki "qırmızı şeytanlar" hələ də xala həsrət qalan Andorra ilə qarşılaşacaq. Qrup lideri Uelsi "pley-off" şanslarını qoruyan Bosniya və Herseqovina ilə çətin səfər matçı gözləyir. Kipri qəbul edəcək İsrail yığmasının isə birbaşa vəsiqəyə nəzəri şansları qalır.

Azərbaycan millisinin İtaliya ilə ev oyununu keçirəcəyi H qrupunda final mərhələsinə vəsiqə uğrunda 3 komanda mübarizə aparır. Hazırda ilk pillədə olan İtaliya yığması Bakıdan qalib ayrılsa, qonşu Fransada iştirakını təmin edəcək. Maltanı qəbul edəcək Norveç də, Bolqarıstanı qonaq edəcək Xorvatiya da buna çox yaxındır. Amma Zaqrebdəki matç qrupun ən çətin oyunu sayılır. Meydan sahiblərinin yeni baş məşqçi Ante Kaçiçin rəhbərliyi altında necə çıxış edəcəkləri maraq doğurur. Meydan sahiblərinin qələbəsi və ya heç-heçəsi Azərbaycan millisi üçün də vacibdir. Çünki Robert Prosineçkinin rəhbərlik etdiyi komandanın bu halda 4-cü pillə uğrunda Bolqarıstanla son tura təsadüf edəcək görüşdə qələbənin önəmi olacaq.

A qrupu
21:00. İslandiya - Latviya
Baş hakim: Aleksey Yeskov (Rusiya)
Reykyavik, "Lauqardalsvöllur" stadionu
21:00. Qazaxıstan - Hollandiya
Baş hakim: Kleman Türpen (Fransa)
Astana, "Astana Arena"
23:45. Çexiya - Türkiyə
Baş hakim: Martin Atkinson (İngiltərə)
Praqa, "Generali Arena"
Xal durumu: İslandiya - 19, Çexiya, 19, Türkiyə - 12, Hollandiya - 10, Latviya - 4, Qazaxıstan - 2.

B qrupu
23:45. Andorra - Belçika
Baş hakim: Pavel Gil (Polşa)
Andorra la Vella, "Estadi Nasyonal"
23:45. Bosniya və Herseqovina - Uels
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
Zenitsa, "Bilino polye"
23:45. İsrail - Kipr
Baş hakim: Manuel De Souza (Portuqaliya)
Yerusəlim, "İtztadion Teddi"
Xal durumu: Uels - 18, Belçika - 17, İsrail - 13, Bosniya və Herseqovina - 11, Kipr - 9, Andorra - 0.

H qrupu
21:00. Azərbaycan - İtaliya
Baş hakim: Uilyam Kollum (Şotlandiya)
Bakı Olimpiya Stadionu
21:00. Norveç - Malta
Baş hakim: Arnold Hanter (Şimali İrlandiya)
Oslo, "Ullevaal" stadionu
23:45. Xorvatiya - Bolqarıstan
Baş hakim: Artur Soares Dias (Portuqaliya)
Zaqreb, "Maksimir" stadionu
Xal durumu: İtaliya - 18, Norveç - 16, Xorvatiya - 14, Bolqarıstan - 8, AZƏRBAYCAN - 6, Malta - 2.

Qeyd edək ki, indiyədək AVRO-2016-nın final mərhələsinə 9 ölkə vəsiqə qazanıb. Bunlar təşkilatçı Fransa, eləcə də İslandiya və Çexiyadan əlavə, İspaniya, İsveçrə, Avstriya, İngiltərə, Şimali İrlandiya və Portuqaliya yığmalarıdır.

Xəbər 797 dəfə oxundu.