Joze Alesiu: İtkilər işimizi çətinləşdirəcək
Bu gün Xorvatiyada futzal üzrə Avropa çempionatı start götürəcək. İdman.com.az xəbər verir ki, yığmamız AÇ-2012-nin ilk matçında Portuqaliya kimi güclü rəqiblə üz-üzə gələcək. Komandamızın baş məşqçisi Joze Alesiu sözü gedən turnir öncəsi fikirlərini açıqlayıb. Braziliyalı mütəxəssis öncə bunları deyib:

“AÇ-2010-la müqayisədə hazırda Azərbaycan yığmasını tərk edən çoxlu oyunçular var. Onların bəziləri hazırda xarici klublarda çıxış edirlər. Bütün bunlar isə təbii ki, yığmanın baş məşqçisi kimi mənim işimi çətinləşdirən amillərdəndi”.

Lakin Alesiunun fikrincə, komandası AÇ-yə yaxşı hazırlaşıb: “Araz” yenə yığmanın bazası olaraq qalmaqdadır. Lakin biz çox təəssüflənirik ki, AÇ-2012-də bizə Maşado Nilson kömək edə bilməyəcək. O, aldığı son zədəni hələ də sağalda bilməyib”.

Bu və digər problemlərə rəğmən, braziliyalı mütəxəssis komandasının Avropa birinciliyində uğurlu çıxış edəcəyinə inanır: “Şübhəsiz ki, startdakı Portuqaliya ilə oyun çox önəmlidi. Bu komanda kifayət qədər çətin rəqibdir. Əminəm ki, Rikardinyo ilə birgə onlara qarşı oynamaq daha da çətin olacaq. O, hər görüşün taleyini həll edə biləcək oyunçudur”.

Qeyd edək ki, Portuqaliya – Azərbaycan oyunu fevralın 2-də, “Zaqreb Arena”da keçiriləcək və Bakı vaxtı ilə 00:00-da başlayacaq. Qrupumuzdakı digər rəqiblə - Serbiya ilə oyun isə fevralın 3-də baş tutacaq.


Xəbər 1078 dəfə oxundu.