Hərbçilərin dünya idman oyunlarında daha bir bürünc medal şansı
Koreya Respublikasının Munqyeonq şəhərində keçirilən hərbçilərin VI dünya idman oyunlarında Azərbaycan güləşçiləri uğurlu çıxışlarını davam etdirirlər.

Turnirdə Azərbaycanın idman şərəfini Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edir. Güləş yarışlarının sonuncu günündə 66, 75, 85 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

İdmançımız Soltan İsmayılov (85 kq) ilk görüşdə iranlı Davud Əkbərini (9:1) məğlub etsə də, ikinci görüşdə dünya çempionu, ukraynalı Jan Beleniuka uduzub. Rəqibin finala çıxması ilə güləşçimiz bürünc medal şansı əldə edib. Əvvəlcə Yunanıstan güləşçisi İlias Boukini təmiz qələbə ilə (5:0) üstələyən Soltan İsmayılov bürünc medala bir addım da yaxınlaşıb. Həlledici görüşdə onun rəqibi Rusiya təmsilçisi Aleksey Mışin olacaq.

Xatırladaq ki, bu mötəbər turnirdə iştirak edən güləşçilərimizin aktivində 1 qızıl, 1 gümüş və 1 bürünc medal var. Yunan-Roma güləşi üzrə mübarizə aparan Rafiq Hüseynov (80 kq) qızıl, sərbəst güləş yarışlarında iştirak edən Coşqun Əzimov (70 kq) gümüş və Ağahüseyn Mustafayev (65 kq) bürünc medal qazanıblar.

Xəbər 626 dəfə oxundu.