Robert Prosineçki: İnanıram ki, sabahkı qarşılaşmada futbolçularımız gözəl oyun nümayiş etdirəcəklər
Milli komandamız artıq beş gündür toplanıb. Məşqlərdən, oyuna hazırlıqdan razıyam. Sabah bizim üçün çətin olacağını bilirik. İtaliya güclü komandadır, qrupun lideri və dördqat dünya çempionudur. Biz isə dörd oyundur ki, uduzmuruq. Son oyunların ardından futbolçularda özünəinam hissi artıb. Bunu bütün məşqlərdə hiss edirik. İnanıram ki, sabahkı qarşılaşmada da futbolçularımız gözəl oyun nümayiş etdirəcəklər.

Bu fikirləri futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Robert Prosineçki “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək İtaliya ilə oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis qeyd edib ki, bizə həm gözəl oyun, həm də nəticə lazımdır. Xorvatiya komandasının futbolçuları da Bakıda qələbə qazanacaqlarını düşünürdülər. Amma hər şey əksinə oldu. İtaliya yığmasının da öz oyununu göstərə bilməməsi üçün əlimizdən gələni edəcəyik.

Heyətdə iki futbolçumuzun yüngül zədəsi olduğunu vurğulayan Robert Prosineçki bildirib: “Mən onların son məşqlərdə özlərini necə göstərəcəyinə baxmalıyam. Əgər hər şey qaydasında olsa, sabahkı matçda start heyətində meydanda Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsrafilov, Dmitri Nazarov, Ruslan Qurbanov və Əfran İsmayılov yer alacaqlar”.

Baş məşqçisi əlavə edib: “Qısa müddətdə yığmamızın oyunçularında özünəinam hissini geri qaytarmışıq. Komanda indi daha yaxşı oyun nümayiş etdirir. Dörd oyundur uduzmuruq. Həmin görüşlərdən ikisini səfərdə oynamışıq. Komanda özünü yaxşı tərəfdən göstərməyi bacarır. Hər bir baş məşqçinin öz fəlsəfəsi olur. Futbolçular məni başa düşürlər və istədiyim kimi oynamağa çalışırlar. İnanıram ki, sabahkı matçda da komandamız bacarığını göstərəcək. Azərbaycanda güclü futbolçular var. Bunun nəticəsini də görürük. Məndə olan məlumata görə, bu günə kimi oyuna 40 min bilet satılıb. Bu, oyuna böyük marağın olduğunu göstərir”.

Xəbər 649 dəfə oxundu.