Bu gün qitə çemptonatı start götürür: son hazırlıq
Bu gün Xorvatiyada futzalçıların qitə çempionatı start götürür. İdman.com.az saytının məlumatına görə, Azərbaycan seçməsi dalbadal ikinci dəfədir final mərhələsinə qatılacaq. Azərbaycan yığmasının hazırlıq dövründə keçdiyi yolu birmənalı qiymətləndirmək olmur. «Araz»ın qitə kuboku uğrunda mübarizəsindən bu günə qədər hələ ki, daha çox suallar gündəmdə olub. Elə ənənəvi Bakı turniri də komandanın ehtiyat qüvvəsinin zəifliyini əyani göstərdi.

Bu isə baş məşqçi Joze Alesiu da Silvaya geniş taktik hazırlıq planı hazırlamağa imkan vermir. Bundan əlavə ölkədə futzalçı hazırlığı istiqamətində işlərin də lazımi səviyyədə olmaması yeni nəslin nümayəndələrinin sürprizinə inanmağa əsas vermir. Yığmaının ən yaxşı cəhətinin əksər oyunçuların bir klubda oynaması olsa da, elə bunun özündə də mənfi məqamlar çoxdur. Futzalçıların əksərən monoton oyun nümayiş etdirməsinin əsas səbəbi də budur.

Təbii ki, ötən yarışdan fərqli bu dəfə millimiz çox ciddi rəqib kimi qəbul olunacaq. Portuqalların ifadələrində bunu açıq sezmək də mümkündür. Hərçənd final mərhələsi heç də adi turnir deyil. Futzalçılar üçün bu özünü ən yaxşı tərəfdən göstərmək üçün ən böyük iki yarışdan biridir. Bu tip turnirlər hər deyən olmadığı üçün ona hazırlıq dövründə ovqatın və digər psixoloji amillərin də rolu böyükdür. Elə buna görə də yığmada əsl komanda ruhunun olmasına əminlik komandanın uğurlu çıxışına da inamı artırır.

Yeri gəlmişkən, komanda son hazırlıq planı çərçivəsində «Ekol»la üz-üzə gəlib və bu matçı 6:3 hesabı ilə başa vurub. Görüşdə Vitali Borisov 4 dəfə fərqlənib. Digər iki qol Namiq Məmmədkərimov və Rüfət Balakişiyevin hesabındadır.

Xəbər 1213 dəfə oxundu.