Çövkən atüstü milli oyunu üzrə dördüncü Azərbaycan çempionatında 24 komanda birincilik uğrunda mübarizə aparacaq
Oktyabrın 16-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən atüstü milli oyunu üzrə dördüncü Azərbaycan çempionatına start veriləcək.

Çempionatda ölkənin müxtəlif bölgələrini təmsil edən 24 komanda iştirak edəcək. Şəkidə təşkil olunan Prezident Kuboku uğrunda Milli Atüstü Oyunlar Festivalı çərçivəsində keçirilən çövkən çempionatında ilk 8 yeri tutmuş komandalar yarışa səkkizdəbir final mərhələsindən qoşulacaqlar.

Çempionatın ümumi mükafat fondu 50 min manat təşkil edir.

Çövkən atüstü milli oyunu üzrə dördüncü Azərbaycan çempionatının keçirilməsində əsas məqsəd ölkənin qədim atüstü milli oyunlarının geniş xalq kütləsi arasında yayılması, atçılıq idmanının və milli atçılığın inkişaf etdirilməsi, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğ edilməsindən ibarətdir.

Xəbər 1008 dəfə oxundu.