“Qəbələ” hazırlıqlara start verəcək
Topaz Premyer Liqasının yeddinci turunda “Xəzər Lənkəran”la qarşılaşmadan (6:0) sonra məşqlərə ara verən “Qəbələ” oktyabrın 8-də hazırlıqlara başlayacaq.

Oktyabrın 4-də keçirilmiş həmin oyundan sonra ilk məşqinə çıxacaq “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gələcək. Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilə səbəbindən verilən istirahət müddətində ölkələrinə yollanan bəzi legionerlər də geri dönərək məşqlərə qatılacaq. Komandamızın hazırlığında yığmaların düşərgəsində olanlar iştirak etməyəcək. Axşam məşqi ilə start götürəcək hazırlıqlar gündə bir dəfə olmaqla davam etdiriləcək.

“Qəbələ”nin futbolçularından Rəşad Sadıqov, Ruslan Abışov, Arif Daşdəmirov və Məhəmməd Mirzəbəyov Azərbaycanın əsas, Elvin Camalov U-21 komandasına çağırılıb. Legionerlərdən Ermin Zets Bosniya və Herseqovina, Sergey Zenyov Estoniya yığmasının düşərgəsindədir.

Baş məşqçi Roman Qriqorçukun yetirmələri Premyer Liqanın səkkizinci turu çərçivəsində oktyabrın 18-də səfərdə “Neftçi” ilə qarşılaşacaq.

Xəbər 677 dəfə oxundu.