Bakıda şahmat üzrə Dünya Kubokunun bağlanış mərasimi olub
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun oktyabrın 5-də bağlanış mərasimi olub.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmanın xüsusən də şahmatın inkişafına göstərilən dövlət qayğısından, idmançılarımızın beynəlxalq arenalarda qazandığı nailiyyətlərdən danışıb. Nazir, həmçinin şahmatın Azərbaycanda sürətlə inkişaf etdiyini, zəngin və qədim ənənələrə malik olduğunu da qeyd edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə şahmat məktəbləri inşa edilib. Azərbaycanda idmanın bu növünə maraq artmaqdadır. Hazırda isə idmanın inkişafına dövlət qayğısı ənənəsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq respublikamızın idman ölkəsinə çevrildiyini bildirən nazir deyib ki, mötəbər idman qurumları beynəlxalq turnirlərin Azərbaycanda keçirilməsinə tərəddüdsüz qərarlar verirlər. Bakıda birinci Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçirildi. Gələn il Azərbaycanda Şahmat Olimpiadası, 2017-ci İslam Həmrəylik Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının oyunları keçiriləcək.

A.Rəhimov, həmçinin şahmat üzrə Dünya Kubokunun keçirildiyi günlərdə partiyaları hər dəfə 600-dək tamaşaçının izləməsini idmansevərlərin, xüsusən də gənclərin şahmata marağının göstəricisi olduğunu vurğuladı. Nazir Dünya Kuboku və Şahmat Olimpiadasını Azərbaycana etibar etdiyi üçün Beynəlxalq Şahmat Federasiyasına minnətdarlığını bildirdi.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov deyib ki, Bakıda keçirilən Dünya Kuboku bir çox cəhətlərinə görə idmanın bu növünün tarixinə düşəcək. O, finalçıların - rusiyalı qrossmeysterlər Sergey Karyakin ilə Pyotr Svidlerin uğurlu çıxışları ilə Azərbaycanın yüksək səviyyədə təşkil etdiyi dünya kubokuna töhfə verdiklərini vurğuladı. K.İlyumjinov, Dünya Kubokunun yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını bildirdi.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov yarışın təşkili ilə bağlı görülən işlərdən, FİDE ilə sıx əməkdaşlıqdan danışdı.

Sonda finalçıların mükafatlandırılması mərasimi oldu.

Dünya Kubokunun sahibi Sergey Karyakin və ikinci yerin mükafatçısı Pyotr Svidler Azərbaycanda keçirilmiş yarışın yüksək səviyyədə təşkil edildiyini vurğuladı, şahmatçılara yaradılan şəraitə görə minnətdarlıqlarını bildirdi.

Daha sonra Rusiya Federasiyasının dövlət himni səsləndirildi.

Mərasimdə 2016-cı ildə Bakıda keçiriləcək Şahmat Olimpiadasının rəsmi loqosu təqdim olundu.

Bağlanış mərasimi bədii hissə ilə davam etdi.

AZƏRTAC

Xəbər 779 dəfə oxundu.