Azərbaycan boksçularının dünya çempionatındakı rəqibləri müəyyənləşib
Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.

Dünya çempionatının debütantı Rüfət Hüseynov (49 kq) yarışın ilk günündə rinqə çıxacaq. Həmyerlimiz mərakeşli İmad Ahyounla qarşılaşacaq.

52 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə ilk mərhələdə ciddi sınaq qarşısında olacaq. Həmyerlimiz oktyabrın 9-da Azat Useynaliyev (Qazaxıstan) - Hamza Touba (Almaniya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. E.Məmişzadə birinci Avropa Oyunlarında H.Touba üzərində qələbə qazanmışdı.

Dünya çempionatının debütantı Tayfur Əliyev də ( 56 kq) mübarizəyə ikinci mərhələdən başlayacaq. Boksçumuz oktyabrın 8-də İderhuu Enkhjarqnil (Monqolustan) - Joze Dias Azokar (Venesuela) görüşünün qalibi ilə qarşılaşacaq.

Dünya və Avropa çempionu Albert Səlimov (60 kq) ilk görüşünə oktyabrın 9-da çıxacaq. Millimizin üzvü ya meksikalı Lindolfo Delqado Qarza, ya da irlandiyalı Sean Makkombla görüşəcək. Qeyd edək ki, A.Səlimov birinci Avropa Oyunlarında İrlandiya boksçusunu məğlub etmişdi.

Lorenzo Sotomayor (64 kq) da yarışın ilk günündə rinqə çıxacaq. Boksçumuz 1/32 final mərhələsində Kanadanı təmsil edən Artur Biyarslanov ilə döyüşəcək.

Birinci Avropa Oyunlarının qalibi Pərviz Bağırov dünya çempionatında mübarizəyə səkkizdəbir final mərhələsindən başlayacaq. Bağırov Marvin Kabrera Verqara (Meksika) – Lester Martinez Tut (Qvatemala) duelinin qalibi ilə görüşəcək.

İki dəfə dünya çempionatlarının mükafatçısı olmuş Teymur Məmmədov (81 kq) ilk qarşılaşmasını oktyabrın 9-da keçirəcək. Təcrübəli boksçumuz Abdelrahman Salah Orabi (Misir) – Pavel Silyagin (Rusiya) döyüşünün qalibini sınağa çəkəcək. T.Məmmədov da birinci Avropa Oyunlarında Silyagin üzərində inamlı qələbə qazanıb.

Dünya çempionatının daha bir debütantı Abdulqadir Abdullayev (91 kq) ilk görüşünü səkkizdəbir final mərhələsində keçirəcək. Millimizin üzvü Paul Ombo Bionqolo (Fransa) – Çouaib Bouloudiants (Əlcəzair) cütünün qalibi ilə üz-üzə gələcək.

Xəbər 686 dəfə oxundu.