Yığmamız Rusiya dövlət xadiminin xatirə turnirində ikinci olub
Dağıstanın Levaşi rayonunda Rusiyanın ictimai və dövlət xadimi Nurbaqand Qapizovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında I beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Dağıstan, Şimali Osetiya, Çeçenistan, Tacikistan, Abxaziya, Ermənistan və yerli Levaşi rayon komandaları mübarizə aparıb.

Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın 8 üzvü böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə iştirak edib. Komanda xarakterli yarışda güləşçilərimiz Tacikistan, Şimali Osetiya və Levaşi komandaları ilə bir yarımqrupda mübarizə aparıb. Tacikistan yığmasını 7:1, Şimali Osetiya və Levaşi komandalarını 6:2 hesabı ilə məğlub edən güləşçilərimiz yarımqrupu ilk sırada başa vurub. Finalda digər yarımqrupun qalibi Dağıstan yığması ilə qarşılaşan güləşçilərimiz 6:2 məğlub olub və turniri ikinci sırada tamamlayıb.

Arif Hüseynov (50 kq), Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq), Pənah İlyaslı (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Həmzətxan İsrapilovun (120 kq) yer aldığı yığma komandamız turnirin gümüş medalına sahib olub.

Bundan başqa, yığma komandamızın üzvü Əfqan Xaşalov (55 kq) "ən yaxşı texnikalı güləşçi" nominasiyasında kubokla təltif edilib.

Xəbər 646 dəfə oxundu.