Karate “Tokio-2020” Olimpiya Oyunlarına daxil edilə bilər
Karate idman növü 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına daxil edilə bilər.

“Tokio-2020”nin təşkilat komitəsi karatenin beş il sonrakı Olimpiya oyunlarının yarış proqramına əlavə idman növü kimi daxil edilməsi təklifini irəli sürüb. Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən qeydə alınan təklif 2016-cı ilin avqustunda Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhərində BOK-un 129-cu sessiyasında həll olunacaq. Karate Tokio Olimpiadasına namizəd 5 yeni idman növündən biri və proqrama daxil olma ehtimalı ən yüksək olan növdür.

Oyunların fərdi kumite yarışlarında kişilər və qadınların üç çəki dərəcəsində mübarizə aparacağı planlaşdırılıb. Kata çıxışlarında isə kişi və qadınlardan bir idmançının tatamiyə çıxacağı nəzərdə tutulub.

İlkin uğur münasibəti ilə Dünya Karate Federasiyasına (WKF) üzv olan 182 ölkənin milli federasiyalarına, o cümlədən Azərbaycan Milli Karate Federasiyasına göndərilən məktubda WKF-in prezidenti Antonio Espinos təbriklərini çatdırıb.

Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bu il iyunun 13-də Bakıda Avropa Oyunlarının karate yarışlarında olarkən bu döyüş idman növünün böyük perspektivləri olduğunu qeyd edib və dünyada kütləvilik qazanmış karatenin Olimpiya oyunlarında layiqli yerini tutacağına inandığını bildirib.

Xəbər 740 dəfə oxundu.