Azərbaycan gimnastları Tokioda klublararası dünya çempionatının ilk final gününü 3-cü yerdə başa vurublar
Xəbər verdiyimiz kimi, Yaponiyanın paytaxtı Tokioda bədii gimnastika üzrə klublararası dünya çempionatı – “AEON CUP-2015” keçirilir. Yarışda dünyanın 23 ölkəsinin 25 klubunu təmsil edən 75 gimnast mübarizə aparır.

Azərbaycanı çempionatda təmsil edən “Ocaq Sport Club” komandası yarışlara Rusiyanın “Qazprom”, Belarusun “Dinamo”, Ukraynanın “Deryuginlər məktəbi” və Yaponiyanın “AEON” klubları ilə birlikdə birbaşa final mərhələsində qatılıb. Gərgin keçən idman mübarizəsindən sonra final mərhələsinin birinci gününü yuniorka gimnast Jalə Piriyeva dördüncü, sinyorka Marina Durunda isə altıncı yerdə başa vurublar. Həmin günün nəticələrinə görə komandamız 98.981 balla üçüncü yerdə qərarlaşıb.

Dünyanın bədii gimnastika üzrə ən güclü komandalarının qatıldığı çempionat oktyabrın 4-də başa çatacaq.

AZƏRTAC

Xəbər 675 dəfə oxundu.