"Kəpəz" bilet satışı təşkil edəcək
Azərbaycan Premyer Liqasının debütantı "Kəpəz" yenilik etməyə hazırlaşır.

Klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev Qaynar.info-ya bildirib ki, bundan sonra bilet satışı təşkil olunacaq.

Belə ki, Premyer Liqanın oktyabrın 4-də keçiriləcək "Kəpəz" - "Sumqayıt" görüşündə uzun müddətdən sonra Gəncə şəhər stadionuna giriş pullu ediləcək. Saat 16:00-da başlayacaq görüşə biletlərin qiyməti 1 manat təşkil edəcək. Bundan başqa, 1 bilet alan özü ilə 1 nəfər gətirərsə, həmin şəxsə bilet pulsuz veriləcək.

Eləcə də "Kəpəz" ictimai qurumları da biletlə təchiz edəcək. Gəncədə yerləşən uşaq evlərinə, SOS uşaq kəndinə, internat və futbol təmayüllü gimnaziyada oxuyan uşaqlar pulsuz biletlə təmin olunacaq. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Gəncədəki bölməsinə də artıq biletlər verilib.

Xəbər 726 dəfə oxundu.